Bülənt Korkmaz: Milli komandanızda həddən artıq legioner oynayır
21.02.2009 - 13:10
Bülənt Korkmaz: Milli komandanızda həddən artıq legioner oynayır
“Azərbaycanda mənə qarşı sevgi və diqqətin olduğunu bilirdim. Lakin bunun bu səviyyədə olduğunu gözləmirdim. Elə bu səbəbdən də gördüklərim məni çox həyəcanlandırdı. Mərhum prezidentiniz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!” sözlərinin həqiqəti nə dərəcədə əks etdirdiyinə bir daha əmin oldum”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Türkiyə milli komandasının və “Qalatasaray” klubunun sabiq futbolçusu Bülənt Korkmaza malikdir.

Bu gün “Park İnn” otelində keçirilən mətbuat konfransında “Bakı” rəhbərliyinə dəvət üçün təşəkkür edən Korkmaz Azərbaycan futbolu haqda fikirlərini də bölüşüb: “Azərbaycanın prezidenti İlham Əliyevin futbolun inkişafı ilə bağlı imzaladığı proqramdan xəbərim var. Lakin işi düzgün qurmaq lazımdır. Əsas infrastruktur və təsisləşmə ilə bağlı işləri görmək vacibdir. 20-25 il əvvələdək “Qalatasaray”ın normal futbol meydanı da yox idi. Böyük hesabla məğlubiyyətləri sıralayırdıq. Lakin türk futbolu düzgün aparılan iş sayəsində bu qədər inkişaf edə bildi”.

Azərbaycandakı legioner siyasətini bəyənməyən Bülənt öz iradlarını bildirib: “Legionerlərə limit mütləq olmalıdır. Bu halda, hər pul qazanmaq istəyən yox, səviyyəli əcnəbilər ölkənizə gələcək. Özü də gətirəndə gəncləri dəvət etmək lazımdır. Yığmanızda da legionerlər həddən artıqdır. Düzdür, bizim milli komandada da legioner var. Lakin Mehmet Aurelio 5 il Türkiyədə oynayandan sonra yığmaya cəlb olunub. Sizdə isə belə deyil”.

Sabiq “Qalatasaray”lı həmyerlilərinin karyeralarını Azərbaycanda davam etdirmələrinə də fikir bildirib: “Türkiyəli futbolçuların Azərbaycana gəlməsi çox yaxşı haldır. Amma bu, azdır. İstəyərdim ki, Azərbaycan milli komandasına da türk mütəxəssis rəhbərlik etsin. Əhməd Dursunun “Xəzər-Lənkəran”a keçidinə gəlincə, o, əsl peşəkardır. 30 yaşından sonra da yüksək səviyyədə oynamaq iqtidarındadır”.

Bülənt məşqçilik karyerası haqda da danışıb: “Gənclərbirliyi” və onun prezidenti İlhan Çavçav ilə heç bir problemim olmayıb. Sadəcə bu klub mənə borclu idi ki, mən də federasiyaya müraciət edib pulumu aldım. Bundan narazı qalan klub prezidenti sonra arxamca danışıb narazılığını ifadə edib. Anadolu klublarında çalışmaq istəyirəm, təklif gözləyirəm. Üç ilə həmin komandanı çempion etmək arzusundayam”.

Bülənt “Cim-Bom” karyerası ilə bağlı da danışıb: “Qarşıma bir məqsəd qoymuşdum ki, futbolçu karyeramı “Qalatasaray”da başlayım və elə bu klubda da bitirim. Sevinirəm ki, bu arzumu reallaşdıra bildim. Bu işdə ailəm, dostlarım mənə kömək etdi ki, onlara təşəkkür edirəm. Düzdür, “Qalatasaray” mənim 40 illik yubileyimi keçirmədi. Lakin buna görə incimirəm. Azarkeşlərimiz ad günümü mənimlə birgə qeyd etdilər. Onlara təşəkkür edirəm. “Qalatasaray” bundan sonra nəsə etsəydi də qəbul etməzdim”.

Məşhur müdafiəçi öz ampluasında bəyəndiyi oyunçuların adlarını da açıqlayıb: “Əslində, hansısa müdafiəçini özüm üçün ideal saymamışam. Sadəcə Franko Barezi və Paolo Maldininin oyunu məndə xoş təsir oyadır. Türk futbolçulardan isə Sərvət Çətin, Əmrə Güngür və Əmrə Aşıkın müdafiəçi kimi bəyənirəm. Xüsusilə Güngürün perspektivini görürəm”.

Əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça” arasında münasibətlərə də toxunan Bülənt Əmrə Bələzoğlunun əks düşərgəyə keçməsinə münasibət bildirib: “Əmrə gözümüzün qabağında böyüyüb. Onun “Fənərbaxça”ya keçməsi məni bir az da təəccübləndirdi. Amma biz hər şeyə duyğusal baxırıq. O isə əsl peşəkardır və karyerasına da bu nöqteyi-nəzərdən yanaşıb bu addımı atdı”.
0