Əsgər Abdullayev: Təəssüf ki, dəyişikliklərin heç bir xeyri olmadı
21.02.2009 - 16:25
Əsgər Abdullayev: Təəssüf ki, dəyişikliklərin heç bir xeyri olmadı
Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Olimpik” - “Qarabağ” matçından (0:1) sonra hər iki komandanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, öncə qonaqların baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib. O, rəhbərlik etdiyi kollektivin çıxışından razı qalıb: “Oyun çox maraqlı alındı. “Olimpik”lə görüşümüz həmişə gərgin olur. Qarşılaşmaya maksimum nəticə üçün çıxmışdıq və istədiyimizi əldə etdik. Yetirmələrim sonadək mübarizə apardılar. İndi diqqətimizi qarşıdakı matçlara yönəltmişik”.

“Olimpik”in çalışdırıcısı Əsgər Abdullayev isə hücum xəttinin “dişsiz”liyindən şikayətlənib: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə hesabda geridə qaldığımızdan, fasilədə dəyişikliklərə əl atmalı oldum. Hücum xəttini gücləndirdim. Amma bunun xeyri olmadı. Hətta müdafiəçiləri də hücumçularla əvəzləməyimə baxmayaraq, qol vura bilmədik”.
0