Tahir Gözəldən xəbərdarlıq
21.02.2009 - 17:03
Tahir Gözəldən xəbərdarlıq
“Oyunu çox bəyəndim. Bir daha əmin oldum ki, komandamız çempionluq uğrunda mübarizə aparır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Şəfa” stadionunda “Olimpik”i məğlub etdikdən (1:0) sonra deyib.

Ağdam klubunun rəsmisi Premyer Liqanın vacib matçlarını doğma rayonda keçirməyə çalışdıqlarını vurğulayıb. O, hətta jurnalistlərin yanında “Qarabağ”ın direktoru Əmrah Çəlikələ də xəbərdarlıq edib: “Əmrah bəy, Ağdam stadionunu tez hazırlayın! Biz çempionatda əsas rəqiblərimizi həmin stadionda qəbul etməliyik”.

Tahir Gözəl maliyyə böhranına da toxunub: “Böhran klubumuza çox da maneə yaratmayıb. Düzdür, Bakıdakı bazanın tikintisi yarımçıq dayandırılıb. Hər halda, Ağdamda stadionun inşasında heç bir problem yaranmayıb, tikinti işləri davam edir”.

Həmçinin, vitse-prezident gələn həftə ölkə kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə oyun barədə də danışıb: “Əslində, bizim üçün çempionat və kubok oyunları arasında fərq yoxdur. Bu mənada “Neftçi” ilə qarşılaşmaya da ciddi hazırlaşırıq. Məqsədimiz “Qarabağ”ın adının avrokuboklara vəsiqə qazanan klublar arasında olmasıdır”.
0