“Xəzər-Lənkəran”ın baş məşqçisi ilk qələbə haqda nə dedi?
21.02.2009 - 17:30
“Xəzər-Lənkəran”ın baş məşqçisi ilk qələbə haqda nə dedi?
İqor Ponomaryov “Xəzər-Lənkəran”ın baş məşqçisi postunda Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, lənkəranlılar Tovuzda “Turan”a qalib gəliblər - 1:0.

Matçdan sonra keçirilən mətbuat konfransında Ponomaryov oyun barədə təəssüratlarını bölüşüb: “Turan” evdə çox yaxşı təsir bağışlayır. Bu gün də belə oldu. Rəqib qol vurmaq üçün bir neçə şans yaxaladı. Ancaq yekun nəticəni ədalətli saymaq olar. “Xəzər-Lənkəran”da oyun səviyyəsi heç də aşağı düşməyib. Sadəcə, bu görüşdə meydanın pis olması bizə maneçilik törədirdi”.

“Turan”ın baş məşqçisi Rasim Əliyev isə bunları deyib: “Komandamızın üzvlərindən razıyam. Məğlubiyyətə əsas səbəb gec toplaşmağımızdır. Əgər “Turan” ikinci dövrənin hazırlığına daha tez başlasaydı, nəticə fərqli ola bilərdi. Komanda tam formalaşmadığından, “Xəzər-Lənkəran”la matçda xətlərarası əlaqə zəif nəzərə çarpırdı”.
0