Hacıyevski: Arzu edirəm ki, “Neftçi” güclü olsun
21.02.2009 - 19:04
Hacıyevski: Arzu edirəm ki, “Neftçi” güclü olsun
Premyer Liqanın favoritlərindən sayılan “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski “Neftçi” üzərində qələbə qazandıqları oyun (2:0) haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis “Bakı”nı tərifləyən flaqmanın çalışdırıcısı Hans-Yurgen Gedeyə təşəkkürünü çatdırıb.

“Həmkarıma komplimentlərə görə minnətdaram. Yaxşı baxımlı oyun oldu. Bu da ondan irəli gəlir ki, hər iki komandanın heyətində çox istedadlı futbolçular var” - deyə Hacıyevski vurğulayıb.

O, qələbənin həddən artıq vacibliyini nəzərə çatdırıb: “Çünki qarşıda bizi dalbadal çətin oyunlar - “Xəzər-Lənkəran”la kubokda iki matç, “Qarabağ”, “Karvan” və “İnter”lə görüşlər gözləyir. Matçdan əvvəl futbolçularıma demişdim ki, “Neftçi” ilə qarşılaşma sizin üçün ciddi imtahandır. Bu gün “Bakı” özünün yaxşı simasını göstərdi. Oyun nizam-intizamından, peşəkarlıqdan, yetirmələrimin meydandakı hərəkətlərindən, verilən tapşırıqların yerinə yetirilməsindən razı qaldım. Allah eləsin, bunun davamı gəlsin!”

Hacıyevski bildirib ki, “Neftçi”nin oyununda inkişaf hiss olunur: “Mən “Neftçi”nin ötən tur “Standard”la görüşünü də izləmişdim. Birinci dövrə ilə müqayisədə, “Neftçi”də inkişaf var. Bu gün motivasiyamız yaxşı, qələbə qazanmaq istəyimiz böyük olduğu üçün 3 xal əldə etdik. Həm də bizdə komandanın özəyi qurulub. “Neftçi”də isə bu proses hələ də gedir. Ona görə də bu klubun oyunu alınmır. Arzum edirəm ki, “Neftçi” güclənsin. Belə olan halda, Premyer Liqada da mübarizə maraqlı olur”.

“Bakı”nın çalışdırıcısı “Neftçi”nin sabiq yarımmüdafiəçisi Georgi Adamiyanın da çıxışına toxunub: “Əgər ondan razı olmayasdım, sonadək meydanda saxlamazdım. Çox istəyirdim ki, Adamiya keçmiş klubuna qol vursun”.
0