Rusiya klubunda azərbaycanlı baş məşqçi
23.02.2009 - 11:44
Rusiya klubunda azərbaycanlı baş məşqçi
Azərbaycan yığmasının sabiq futbolçusu Lev Mayorov özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 13-də 40 illik yubileyini qeyd edəcək həmyerlimiz “Stavropol” klubunun baş məşqçi postuna təsdiqlənib. Ötən mövsüm Rusiyanın həvəskarlar liqasında mübarizə aparan bu komanda ikinci divizionda çıxış etmək üçün qış fasiləsində Peşəkar Futbol Liqasının lisenziyalaşdırma prosesini keçməyə çalışır.

Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk “Çernomorets”ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 447 görüşdə 47 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir.

Bakıda anadan olan Lev “Neftçi”nin yetirməsidir. 10 yaşında bu klubda futbolun sirlərini öyrənən Mayorovun ilk baş məşqçisi müstəqillik dönəmində flaqmanın əsas komandasında çalışan Tahir Əmiraslanov olub. Lev 1987-ci ildə “Neftçi”nin heyətində gənclər komandaları arasında SSRİ çempionatının qalibi olub. O, 1988 və 1989-cu illərdə Zaqafqaziya hərbi dairəsinin yığmasının heyətində Silahlı Qüvvələr kubokuna sahib çıxıb. Milli komandamızın heyətində 1 oyun keçirən Mayorov 1994-cü ildə Trabzonda İsrail yığması ilə keçirilən rəsmi oyunda (0:2) iştirak edib.

2005-ci ildə futbol karyerasını bitirən həmyerlimizin bundan bir il sonra – 2006-cı ilin iyunun 3-də vida oyunu keçirilib. Karyerasını bitirdikdən sonra “Çernomorets”in məşqçilər korpusunda yer alan Lev ötən il Rusiya çempionatının ikinci divizionunda çıxış edən Anapanın “Spartak-UQP” klubunun baş məşqçisi olub.
0