Azərbaycan - Finlandiya oyununun vaxtı müəyyənləşdi
23.02.2009 - 12:30
Azərbaycan - Finlandiya oyununun vaxtı müəyyənləşdi
Futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə martın 6-dan 17-dək Bakıda toplanışa yığışacaq. Bundan sonra Portuqaliyaya yollanacaq futzalçılarımız martın 19-dan 22-dək bu ölkənin Vyana do Kaştello şəhərində keçiriləcək qitə miqyaslı turnirdə iştirak edəcək.

Bu arada millimizin seçmə mərhələdə sonuncu rəqibi də müəyyənləşib. Belə ki, ilkin seçmə mərhələnin D qrupunda keçirilən oyunlarına əsasən rəqiblərini geridə qoyan Finlandiya yığması Azərbaycanla bir qrupda yer almaq hüququ qazanıb. Milli komandamız qrupda sonuncu oyununu bu rəqiblə keçirəcək. Həmin görüş martın 22-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Meydan sahibləri və finlərlə yanaşı, Polşa ilə də bir qrupda çıxış edəcək yığmamız bu komanda ilə martın 20-də Bakı vaxtı ilə 20:30-da görüşəcək. Seçmə mərhələyə Portuqaliya ilə oyunla start götürəcək Azərbaycanın meydan sahibləri ilə martın 19-da saat 00:00-da qarşılaşacaq.

Qeyd edək ki, futbol üzrə milli komandamız da Finlandiya ilə seçmə mərhələ oyunlarında bir qrupda yer alıb.
0