“Neftçi”nin sabiq futbolçusu “Qalatasaray” üzərində qələbənin sirrini açıqladı
23.02.2009 - 12:57
“Neftçi”nin sabiq futbolçusu “Qalatasaray” üzərində qələbənin sirrini açıqladı
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Levent Kartop “Qalatasaray” üzərindəki böyük hesablı qələbənin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qış fasiləsində “Kocaelispor”a keçən 30 yaşlı türkiyəli yarımmüdafiəçi “Cim Bom”u “Əli Sami Yen” stadionunda məğlub etməyə borclu olduqlarını söyləyib.

“Qalatasaray”la oyunda 90 dəqiqə meydanda olan Kartop bildirib ki, Superliqada yerlərini qorumaq uğrunda amansız mübarizədə səfərdən 3 xal götürmələri vacib imiş: “Rəqiblərimizin hamısı bu turda qələbə qazanmışdı. Buna görə də bizim mütləq qələbə qazanmağımız lazım idi. Son iki həftədə yaxşı oyun göstərsək də, nəticə baxımından bunun qarşılığını almamışdıq. “Qalatasaray”ı məğlub etmək üçün meydanda bütün gücümüzü qoyduq və qalib gəldik. Buna görə çox xoşbəxtik”.

Qeyd edək ki, Levent “Kocaelispor”da azərbaycanlı futbolçular – Rəşad Sadıqov və Ramal Hüseynovla bir yerdə çıxış edir. “Neftçi”yə yayda gəlsə də, heç bir oyuna çıxmayan Kartop Rəşadla həmin vaxt da komanda yoldaşı olub. Flaqmanın alman baş məşqçisi Hans-Yurgen Gede bu iki futbolçunu cari mövsümdə ilk dövrənin gedişində komandadan kənarlaşdırıb.
0