Rəşad Sadıqov = Fernando Meyra + Sərvət Çətin
23.02.2009 - 14:05
Rəşad Sadıqov = Fernando Meyra + Sərvət Çətin
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov “Kocaelispor” klubunun heyətində ən yaxşı oyunlarından birini keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı Superliqanın “Qalatasaray”la səfər matçında qalib gələn izmitlilərin mərkəz müdafiəçisinin çıxışını yüksək qiymətləndirib.

Futbolçuların işini on ballıq şkala ilə dəyərləndirən həmkarlarımız 90 dəqiqə meydanda olan Rəşadı 7-yə layiq bilib. Bu qiymətlə müdafiəçi qarşılaşmanın iştirakçılarından yalnız birindən - qəhrəmanlığı 9-la ölçülən Taner Gülləridən geri qalıb. Bir çox komanda yoldaşı ilə bərabər “poker”in müəllifindən iki addım geridə olan Sadıqova “Qalatasaray”ın oyunçuları da həsəd apara bilər. Belə ki, “Cim-Bom”un ən yaxşı oyunçuları – “4”ə layiq oynayan Arda Turan, Mehmet Topal və Sərvət Çətin istisna olmaqla, digərləri “3” alıb. Bu isə Rəşadın təkbaşına rəqibin iki müdafiəçisi – məsələn Sərvətlə Fernando Meyranın qiymətlərinin cəminə bərabər oyun göstərib.

“Kocaelispor”da keçirdiyi debüt matçında da 7 alan Rəşadı tərifləyən həmkarlarımız müdafiə xəttində xüsusilə onun əməyinin keçdiyini vurğulayır. Onların fikrincə, topu uzaqlaşdırmaq istəyərkən zədələnən futbolçunun sonadək oyunu davam etdirməsi “Kocaelispor”un xeyrinə işləyib. Belə ki, cərimə meydanında əlverişli mövqedə olan Şabani Nondadan tez topa toxunan Rəşad başını zərbə altına atmalı olmuşdu. Həmin epizodda yerə yıxılan futbolçu həkim müdaxiləsindən sonra mübarizəni davam etdirdi.

Qeyd edək ki, “Kocaelispor” “Qalatasaray”la səfər matçında 5:2 hesabı ilə qalib gəlib.
0