Berti Foqts Zaur Tağızadəni milli komandadan yenə kənarlaşdırdı
23.02.2009 - 15:49
Berti Foqts Zaur Tağızadəni milli komandadan yenə kənarlaşdırdı
Berti Foqts tərəfindən Azərbaycan yığmasına cəlb edilən Zaur Tağızadə Almaniyaya təlim-məşq toplanışına aparılmayacaq. Apasport.az saytının məlumatına görə, bu haqda jurnalistlərə açıqlama verən Foqts bildirib ki, “Neftçi” klubunun kapitanını artıq milli komandanın heyətindən çıxarılıb.

O, bunu belə əsaslandırıb: “Zauru bir şərtlə yığmaya cəlb edərdim ki, şərəfini qoruduğu klubda oynasın. Ancaq ikinci dövrədə iki tur arxada qalıb və Tağızadə hələlik meydana çıxmayıb. “Neftçi”nin “Bakı” ilə oyununu stadiondan izlədim və Zaurun oynamamağına şahid oldum”.

Almaniyalı baş məşqçi son turda “Olimpik”in qapısına vurduğu gözəl qolla “Qarabağ”a qələbə qazandıran Zaur Ramazanovu yığmaya çağırmamağına da münasibət bildirib: “Bir qolla iş bitmir. Zaur yığmaya çağırılmadığını özü bilir. Futbolçu milliyə çağırılmaq üçün ondan nə tələb olunduğunu yaxşı dərk edir”

Xatırladaq ki, Tağızadə ötən ilin mayında da Foqts tərəfindən yığmaya çağırılsa da, sonradan heyətdən uzaqlaşdırılmışdı.
0