Azərbaycanlı futbolçuların qisası “Cəhənnəm”də reallaşdı
23.02.2009 - 17:05
Azərbaycanlı futbolçuların qisası “Cəhənnəm”də reallaşdı
Azərbaycanlı futbolçuların “Qalatasaray” komandasından qisası baş tutub. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un 9 il öncə həmvətənlərimizə vurduğu zərbənin əvəzini Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi “Kocaelispor” klubu çıxıb.

“Qalatasaray”ı səfərdə böyük hesabla yenən (5:2) Kocaeli təmsilçisi bununla da, rəqib komandanın almaniyalı baş məşqçisi Mixael Skibbeni istefaya göndərilməsinə baiskar olub. 2000-ci ilin avqustun 18-də eyni aqibət həmyerlilərimizin başına gəlib. Məsələ ondadır ki, Superliqanın 2000/01 mövsümünün 2-ci turunda mərhum Ruslan Abdullayevin həmin vaxt baş məşqçisi olduğu və Vidadi Rzayevin, Nadir Şükürov və Rafael Əmirbəyovun çıxış etdiyi “Ərzurumspor” klubu elə “Əli Sami Yen” stadionunda “Qalatasaray”a böyük hesabla uduzub – 0:7.

Futbolçularımızdan yalnız Vidadi həmin matçda iştirak edib. Adı sonradan Azərbaycan ətrafında hallanan məşhur braziliyalı hücumçu Mario Jardel “Ərzurumspor”la görüşdə “penta-trik” edib (22, 26, 52, 75 və 88-ci dəqiqələr). Oyunda ilk və son qolu (7 və 90+4-cü dəqiqələr) isə rumıniyalı Georgi Hacı vurub. Bu ağır məğlubiyyətdən sonra Abdullayev işini itirdi, futbolçularımız da onun kimi vətənə döndü. Göründüyü kimi, “Qalatasaray” vaxtilə məşqçimizi istefaya göndərmişdisə, indi azərbaycanlı futbolçuların şərəfini qoruduğu komanda tərəfindən başsız qalıb.

“Qalatasaray”ın qapısına vurulan beş qoldan dördünün müəllifi Taner Gülləri, biri Murat Hacıoğlu olub və hər iki futbolçunun adı qış fasiləsində “Neftçi”nin ətrafında hallanırdı.

Qeyd edək ki, Rəşad “Qalatasaray”la oyunda 90 dəqiqə meydanda olduğu halda, Ramal ehtiyatda qalıb.
0