Kamran Ağayevin milli komandaya gəlişində problem yaranıb
23.02.2009 - 18:32
Kamran Ağayevin milli komandaya gəlişində problem yaranıb
“Xəzər-Lənkəran” “Bakı” ilə Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin ilk oyununa ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın da əsas qapıçısı olan Kamran Ağayev belində ağrılar hiss edir.

Bu səbəbdən keçmiş komandası “Turan”la son turda səfərdə keçirilən matçı buraxan Ağayev müayinədən keçib. Məlum olub ki, onun sağlıq durumunu təhlükə altına qoymamaq üçün bir-iki həftə istirahətə ehtiyacı var. Bu müddətdə Ağayev fiziki yükləmələrdən qorunmalıdır. Kamranın martın 2-dən 5-dək milli komandamızın Almaniyada keçirilən təlim-məşq toplanışı üçün açıqlanan heyətdə yer aldığını nəzərə alsaq, onun hazırlıqda iştirakında problem yaranır. Belə olan halda, qapıçı səfərə çıxan heyətdən kənarda qala bilər.

“Xəzər-Lənkəran” “Bakı” ilə çətin sınaqda Kamranla yanaşı, digər əsas futbolçusu Rəşad Abdullayev və yeni transferi Nadir Bençenanın xidmətindən yararlana bilməyəcək. Hələ ki Azərbaycanda debüt etməyən isveçli yarımmüdafiəçi yüngül məşqlərlə kifayətlənməli olur. “Xəzər-Lənkəran”ın kapitanı Emin Quliyevlə türkiyəli Devran Ayhan isə artıq komanda ilə birgə məşq edirlər və onların “Bakı”ya qarşı oynayacağı ehtimal olunur.

Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Bakı” oyunu fevralın 25-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0