Şenes Erzik: UEFA Azərbaycanda möhtəşəm stadionun inşasına yardım edəcək
23.02.2009 - 18:41
Şenes Erzik: UEFA Azərbaycanda möhtəşəm stadionun inşasına yardım edəcək
“Türkiyədə belə bir deyim var: ağac yaş ikən yaxşıdır. Gənclərin yolunda xərclənən istənilən investisiya gələcəkdə öz xeyrini verir”. Apasport.az saytının məlumatına görə, bunu FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik bu gün Azərbaycanda ilk futbol akademiyasının açılışından sonra keçirilən brifinqdə deyib.

Türkiyəli qonaq bölgələrdə də futbol akademiyasının açılmasının məqsədəuyğunluğunu bildirib: “Paytaxtdan kənarda da belə akademiyaların inşası lazımdır. Akademiyada təhsil iki istiqamətdədir. Burada təkcə futbol savadı yox, elmi biliklər də öyrədilir. Nəticədə savadlı idmançı yetişdirilir”.

Bakıdakı futbol akademiyasının tikintisinə 60 faiz UEFA, 40 faiz isə AFFA tərəfindən xərc çəkildiyini söyləyən Erzik vurğulayıb ki, bu iki qurumun əməkdaşlığı davam edəcək: “Azərbaycanda həyata keçirmək istədiyimiz başqa layihələr də var. Bununla bağlı sabah görüşüb, fikir mübadiləsi aparacağıq”.

UEFA-nın vitse-prezidenti Bakıda möhtəşəm stadionun tikintisinə kömək etməyə hazır olduqlarını bəyan edib: “Mən UEFA-nın Stadionlar və Təhlükəsizlik Komitəsinin sədriyəm. Azərbaycana milli komandanın oyunlarının keçiriləcəyi gözəl, yüksək səviyyəli bir stadionun yaraşacağını düşünürəm. Bu istiqamətdə təcrübəmi əsirgəmərəm. İnanıram ki, stadionun inşasına dövlət tərəfindən də dəstək veriləcək”.

Söhbət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) hesabına tikiləcək 80 min nəfərlik stadionun inşasından gedir. Bununla bağlı ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayev da öz fikirlərini bildirib: “Stadionun inşası üçün hazırlıq işləri aparılır. Layihə müqavilələri bağlanılır. Tezliklə tikinti işlərinə başlanılacaq”.
0