Emin Quliyev meydana çıxmamasının səbəbini açıqladı
24.02.2009 - 00:12
Emin Quliyev meydana çıxmamasının səbəbini açıqladı
“İkinci dövrədə oynamamağımın səbəbi baş məşqçi İqor Ponomaryovla bağlı deyil. Onunla heç bir problemim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun kapitanı Emin Quliyev deyib.

Lənkəran təmsilçisində artıq dördüncü mövsümünü keçirən 32 yaşlı müdafiəçi ikinci dövrənin ilk turunda “Karvan”la ev oyununda (0:0) ehtiyatda qaldığı halda, adı “Turan”la səfər matçında heç iştirak ərizəsinə də daxil edilməyib. Onun “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryovla arasında narazılıq yarandığı və bu səbəbdən ikinci komandaya göndərilməsi haqda söz-söhbətlər gəzsə də, futbolçu bunu qətiyyətlə təkzib edib.

Quliyevin sözlərinə görə, meydana çıxmamağının səbəbi başqadır: “Bu, zədə problemi ilə bağlıdır. Əzələmi dartdığım üçün oynaya bilmirəm. Bu müddətdə müalicə olunurdum. Artıq sağalmışam və komanda ilə məşqlərdə iştirak edirəm. İnşallah, “Bakı” ilə kubok oyununda iştirakım mümkündür. Ponomaryovla aramda narazılıq yaranmadığını əminliklə deyirəm. Bu, milyon faiz belədir. Hazırda hər şey yaxşıdır”.
0