Rəşad Sadıqov “Qalatasaray” üzərində qələbəyə görə nə qədər pul alacaq?
24.02.2009 - 10:54
Rəşad Sadıqov “Qalatasaray” üzərində qələbəyə görə nə qədər pul alacaq?
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi “Kocaelispor” klubunun Türkiyə Superliqasının son turunda qazandığı qələbə müqabilində alacağı pul mükafatının məbləği müəyyənləşib. Apasport.az saytının məlumatına görə, səfərdə “Qalatasaray”a 5:2 hesabı qalib gələn İzmit təmsilçisi 250 min türk lirəsi (təxminən 125 min manat) qazanıb.

Bu məbləğ komanda üzvləri arasında bölüşdürüləcək. Hərçənd, “Kocaelispor”a “Cim Bom” üzərində qələbəyə görə, 500 min lirə veriləcəyi gözlənilirdi. Lakin Kocaeli Böyükşəhər Bələdiyyəsinin başçısı İbrahim Karaosmanoğlu bunun belə olmayacağını bildirib. O, ikinci dövrənin əvvəlində söz verdiyi kimi, hər qələbə müqabilində komandanın 250 min lirə alacağını söyləyib. Bu isə ikinci dövrədə iki dəfə böyük hesabla qalib gələn “Kocaelispor”un məğlub etdiyi rəqiblər arasında fərq qoyulmadığını göstərir.

Qeyd edək ki, Rəşadla Ramalın komandası ikinci dövrədə “Qalatasaray”la yanaşı, “Hacettepe”ni də üstələyib (4:0). Hətta “Kocaelispor”un qələbəsi “sarı-qırmızılılar”ın baş məşqçisi Mixael Skibbenin istefası ilə nəticələnib.
0