Sergey Sokolov yenidən Azərbaycan yığmasına çağırıldı
24.02.2009 - 11:06
Sergey Sokolov yenidən Azərbaycan yığmasına çağırıldı
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, Zaqatalanın “Simurq” klubunun müdafiəçisi Sergey Sokolov yenidən yığmaya çağırılıb. O, “Neftçi”nin kapitanı Zaur Tağızadəni əvəzləyib.

Milli komandamızın baş məşqçisi Berti Foqts Zauru da martın 2-dən 5-dək Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına aparmaq istəyirdi. Ancaq Tağızadə Premyer Liqanın ilk iki turunda meydana çıxmadığı üçün Foqts onu heyətdən kənarlaşdırıb. Millimizin ötən yay Dubayda 16 günlük təlim-məşq toplanışında iştirak edən Sokolov yalnız bir görüşdə meydana çıxıb. Foqts 32 yaşlı milliləşən rusiyalı futbolçunu Çexiya çempionu “Slaviya” ilə yoldaşlıq görüşündə əsas heyətdə buraxaraq, fasilədə əvəzləyib.

Qeyd edək ki, Almaniyadakı hazırlıq prosesinə 19 futbolçu aparılacaq. Bunlar qapıçılar - Kamran Ağayev (“Xəzər-Lənkəran”), Rauf Mehdiyev (“Olimpik”), Fərhad Vəliyev (“Qarabağ”), müdafiəçilər - Rail Məlikov (“Neftçi”), Mahir Şükürov (“Olimpik”), Sergey Sokolov (“Simurq”), Samir Abbasov (“İnter”), Saşa Yunisoğlu (“Bakı”), Tural Nərimanov, Ernani Pereyra (hər ikisi “Karvan”), yarımmüdafiəçilər – Aqil Nəbiyev (“Olimpik”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Elmar Baxşıyev (“Neftçi”), Aleksandr Çertoqanov, Tural Cəlilov (hər ikisi “Simurq”), Fabio Luis Ramim (“Bakı”), hücumçular - Vüqar Nadirov (“Karvan”), Vaqif Cavadov (“Qarabağ”) və Leandro Qomeşdir (“Olimpik”).
0