“Bakılı” klubunun futbolçuları bir-biri ilə dalaşıb
24.02.2009 - 13:41
“Bakılı” klubunun futbolçuları bir-biri ilə dalaşıb
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqanın XV, I divizionun XVI turunda baş verənlərə münasibət bildirən NİK komandaları üst-üstə 5620 manat ziyana salıb.

Dörd komanda 4 futbolçusunun sarı vərəqə alması üzündən xərcə düşüb. “Bakı” ilə oyunda “Neftçi”, “Muğan”la görüşdə “Simurq”, “Standard”la qarşılaşan “İnter” və “Karvan”ı qəbul edən “Bakılı” klublarının hərəsi 1000 manat cərimə olunub.

“Qarabağ”la matçda ikinci sarı vərəqə alaraq meydandan qovulan Usim Nduka isə komandasını daha az - cəmi 200 manat ziyana salıb. Lakin nigeriyalı futbolçu sabah keçirilən kubok oyununda “Qəbələ”yə qarşı forma geyinməyəcək. “Bakılı” əvəzedici komandasının oyunçusuna görə də ziyana düşüb. Belə ki, öz komanda yoldaşını vurduğu üçün meydandan qovulan Saleh Qəmbərovun bu hərəkəti 2 oyunluq cəza və 1000 manat cəriməyə layiq görülüb.

Birinci divizionunun XVI turunun “Spartak” – “ABN-Bərdə” matçında da “fərqlənən” futbolçu öz komanda yoldaşına qarşı aqressivlik edib. Rüfət Musayevin oyundaşını təhqir edərək meydandan qovulması “Spartak”ın 200 manat cərimələnməsinə səbəb olub. Aqressiv futbolçu isə iki tur istirahət edəcək.

“Energetik” – “Şahdağ” və “Göyəzən” – “Ədliyyə” matçlarında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün onların hərəsi 100 manat cərimə olunub. “Ədliyyə”nin heyətində ikinci sarı vərəqəyə görə meydandan qovulan Hüseynəli Novruzov 1 oyunluq kənarlaşdırılıb və klub 20 manat cərimə olunub.
0