Ponomaryov oğlu ilə yola getməyən mütəxəssisə qarşı
24.02.2009 - 13:49
Ponomaryov oğlu ilə yola getməyən mütəxəssisə qarşı
“Bakı” klubu Azərbaycan kubokunun ¼ final mərhələsində qarşılaşacağı “Xəzər-Lənkəran” üçün arzuolunmaz rəqibdir. Apasport.az saytının məlumatına görə, cənubluları öz meydanında ən çox paytaxtın eyni adlı komandası məğlub edib. Yalnız “Neftçi” və “Bakı” “Xəzər-Lənkəran”ı səfərdə iki dəfə üstələyib ki, bu da digər klubların heç birinə nəsib olmayıb. Özü də flaqmandan fərqli, “Bakı” lənkəranlılar üzərində kubokda da qələbə qazanıb. Bu, 2006/07 mövsümündə baş verib və qələbə argentinalı hücumçu Fernando Peresin vurduğu qolla qazanılıb. Ancaq “Xəzər-Lənkəran” ilk oyunda 2:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala çıxıb və həmin mövsümü “qızıl dubl”la başa vurub. Hər halda, “Bakı”nın təsəlli xarakteri daşıyan bu qələbəsi tarixə düşüb. Məsələ ondadır ki, “Xəzər-Lənkəran” doğma stadionunda ilk məğlubiyyətini məhz “Bakı”dan alıb. Bunadək “Neftçi” qələbə qazansa (1:0) da, həmin matç müvəqqəti ev oyunları keçirilən Lənkəran Olimpiya Kompleksində baş tutub.

Həmişə gərgin mübarizə şəraitində keçən “Bakı” ilə “Xəzər-Lənkəran”ın görüşündə Xalidu Sissoko “fərqlənib”. Seneqallı qapıçı lənkəranlılarla bir mövsümdə həm ev, həm də səfər matçında qırmızı vərəqə alması ilə yadda qalıb. Özü də 2006-cı ildə Lənkərandakı görüşdə Sissokonun uzun müddət davam edən “quru seriya”sı Emin Quliyevin vurduğu qolla qırılmış və buna görə özündən çıxan çılğın qapıçı azarkeşlərə də hörmətsizlik edərək, sonda meydandan qovulmuşdu. Həmin mövsümdə “Xəzər-Lənkəran”ın kapitanı olan Mahmud Qurbanov indi “Bakı”dadır və Lənkəran publikası qarşısına bu dəfə rəqib futbolçu kimi çıxacaq.

“Xəzər-Lənkəran” – “Bakı” qarşıdurmasına toxunarkən baş məşqçilərin də kubokdakı çıxışına nəzər yetirmək lazımdır. Həm “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov, həm də “Bakı”dakı makedoniyalı həmkarı Qyoko Hacıyevski vaxtilə milimizi çalışdırıblar və ikinci dəfə Azərbaycan kubokunu qazanmağa cəhd edəcəklər. Hacıyevski ötən mövsüm ¼ finalda “Qəbələ” tərəfindən mübarizədən kənarlaşdırılıb. Ponomaryovun isə Azərbaycan kubokunda debütü “Qarabağ”la olub. Olimpiya çempionumuz 2004/05 mövsümündə bu komandanı çalışdırdığı zaman 1/8 finalda “İnter”ə yenilib.

Maraqlıdır ki, həmin vaxt Ponomaryovun ilk dövrədə rəhbərliyi altında oynayan oğlu Anatoli qış fasiləsində “İnter”ə keçdi və kubokda atası ilə mübarizədən qalib ayrıldı. İndi ata Ponomaryov oğlunun digər keçmiş komandası ilə görüşəcək. Məhz Hacıyevski uzun fasilədən sonra Anatolini millimizə qaytardı və sonradan “Bakı”ya transferində təşəbbüskar oldu. Ancaq futbolçu qış fasiləsində bir illik icarəyə götürüldüyü halda, mövsüm bitən kimi anlaşmanı pozaraq komandanı tərk etdi. Hacıyevski ilə yola getməyən Anatoli onu daha çox ehtiyatda saxlamasından, şans verən zaman isə öyrəşmədiyi mövqedə - yarımmüdafiənin sol cinahında oynatmasından narazı idi.

İqor Ponomaryov milli komandamızın baş məşqçisi olan vaxt makedoniyalılarla bir qrupda yer alıb. Ancaq həmin dünya çempionatının seçmə mərhələ oyunları zamanı Hacıyevski artıq Makedoniya yığmasının baş məşqçi postundan getdiyi üçün mütəxəssislərin həmin vaxt görüşü baş tutmadı. Əvəzində cari mövsümdə “Bakı”da çıxış edən Georgi Xristov Ponomaryovun komandası ilə oyunda öz sözünü deyib. Belə ki, makedoniyalı hücumçu 2000-ci ilin oktyabrında Skopyedə Azərbaycan yığmasını böyük hesabla məğlub etdikləri oyunda (3:0) “dubl” edib. “Bakı” qış fasiləsində Xristovla müqaviləni qarşılıqlı razılıqla pozub yollarını ayırdığından, hücumçu yenə Ponomaryovla görüşə bilməyəcək.
0