Statistika: “Neftçi” heç vaxt “Qarabağ”ı 1/4 finalda dayandırmayıb!
24.02.2009 - 14:01
Statistika: “Neftçi” heç vaxt “Qarabağ”ı 1/4 finalda dayandırmayıb!
Azərbaycan çempionatında 17 ildir rəqabət aparan “Qarabağ” və “Neftçi” klubları ölkə kubokunun 1/4 final mərhələsində də qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, sabah Suraxanı qəsəbə stadionunda ilk qarşılaşmaya çıxacaq rəqiblər indiyədək mükafata gedən yolda 7 dəfə üz-üzə gəliblər. Bu mübarizələrin 4-də Ağdam, 3-də paytaxt təmsilçisi üstün olub. 1/4 final mərhələsinə təsadüf edən bütün hallarda isə yarımfinala vəsiqəni “Qarabağ” qazanıb.

1993-cü ildə 1/4 finalın ilk matçında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanında qazandığı bu üstünlüyü qoruyaraq, növbəti mərhələyə keçib. Düzdür, cavab görüşü qalmaqalla nəticələndi ki, bakılıların bəzi futbolçuları bu səbəbdən cəzalandı. Ağdamlılar isə həmin il tarixinin ilk kubokunu qazandı. Bu, “Qarabağ” – “Neftçi” duellərində yeganə hal idi ki, ilk matçın meydan sahibi növbəti mərhələyə adlayıb.

1993/94 mövsümündə də komandaların yolları1/4 finalda kəsişdi ki, “Turan”la qalmaqallı çempionat oyununa görə çıxışlarını dayandıran flaqman növbəti mərhələyə vəsiqəni rəqibinə bağışlayıb. Ağdamlılar isə yarımfinalın cavab matçı ərəfəsində “qiyamçılar”a qoşulub mübarizəni dayandırdı.

1995/96 mövsümündə isə komandalar birinci və sonuncu dəfə finalda üz-üzə gəldi. Aşkar üstün olan bakılılar böyük hesabla qalib gələrək (3:0), mükafata sahib oldular.
Sonrakı 4 qarşıdurmada hər komanda iki dəfə ilk oyunu öz meydanında keçirdi və mübarizəni dayandırdı. 1996/97 və 2005/06 mövsümlərində sevinən tərəf Ağdam təmsilçisi oldu. Əvvəl 1/4 finalda rəqibini üstələyən komanda səfər qolları sayəsində mərhələ adladı – 2:3, 0:1. İkinci kuboku qazandığı vaxt isə “Qarabağ” yarımfinalda “Neftçi”ni dayandırdı – 0:0, 1:0.

1/4 və 1/2 final mərhələsində ağdamlılarla bacarmayan flaqman finalda olduğu kimi, 1/8 finalda da cütün qalibi olub. 1998/99 və 2006/07 mövsümlərində ilk görüşü “Qarabağ”ın meydanında keçirən bakılılar bu matçlarda qənaətbəxş nəticəni əldə edib. On il əvvəl bakılılar qələbəni öz meydanında (0:0, 2:0) əldə etmişdisə, iki il əvvəl bunu Suraxanıda rəsmiləşdirdi – 2:1, 0:1.
0