“Bildiyimə görə, Azərbaycan futboluna yaxşı sərmayə qoyurlar”
24.02.2009 - 17:18
“Bildiyimə görə, Azərbaycan futboluna yaxşı sərmayə qoyurlar”
Rusiya Premyer Liqasında mübarizə aparan Nalçikin “Spartak” klubunun baş məşqçisi Yuri Krasnojanın apasport.az saytına eksklüziv müsahibəsi

- Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin komandanıza keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik...
- Subaşiç baxışdan keçirmək istədiyimiz futbolçulardan biri idi. Çox güman ki, bu variant artıq arxa plana keçib. Çünki hazırda komandamızda təlim-məşq toplanışında iştirak edən, hazırlıq keçən hücumçularımız var.

- Komandanız Türkiyədə hazırlıq keçəndə Subaşiç də orada idi və özünə klub axtarırdı. Həmin vaxt futbolçu düşərgənizdə olubmu?
- Yox.

- Bəs Subaşiç variantı necə ortaya çıxıb?
- Onu bizə agentlər təklif etmişdi.

- Yəqin ki, Subaşiçin vaxtilə “Amkar”ın heyətində çıxış etməsindən xəbəriniz var?
- Hə, bunu bilirəm.

- Onun oyununu görmüsünüz?
- Xeyr. Sadəcə, bizdə Subaşiç də daxil olmaqla, təxminən yüzədək futbolçu haqda informasiya vardı. Bəzilərini sınamağa imkan tapdıq, bəzilərini yox. Branimir də baxışdan keçirməyə çatdıra bilmədiyimiz futbolçulardan oldu.

- Bunun səbəbi nədir?
- Bunun deyə bilmərəm.

- Yəqin ki, mövsümün startına az qaldığından, bu varianta qayıtmaq artıq real deyil.
- Subaşiçin məsələsi yeni mövsüm üçün iştirak ərizələrinin verilməsinə qədər təxirə salındı. Bu proses gedir, artıq bir mərhələ arxada qalıb. Fevralın 26-27-də növbəti, daha bir mərhələ isə martda olacaq.

- Azərbaycan milli komandasında oynamış digər futbolçu – İlqar Əbdürəhmanov da maraq dairənizdə olub. Özü də Subaşiçdən fərqli, yaxşı tanıdığınız bu oyunçu qış fasiləsində düşərgənizdə oldu və son Azərbaycan çempionu “İnter”lə yoxlama matçında meydana çıxdı. İlqar haqda nə deyə bilərsiniz?
- İlk növbədə onu deyə bilərəm ki, İlqar çox gözəl insandır. İkincisi, bir sıra yaxşı keyfiyyətlərə malik futbolçudur. Əbdürəhmanovu almaqla bağlı danışıqlar aparmağa hazır idik. Ancaq məsələ ondadır ki, bizə müqavilə ilə bağlı futbolçular var. Onlar bizi qane etsələr də, daha güclülərini axtarırıq. Belə bir variant var idi ki, futbolçuların başqa təkliflərin müqabilində klubumuzu tərk etsə, biz Əbdürəhmanovun transferini nəzərdən keçirəcəyik.

- Sizcə, Əbdürəhmanov Rusiya Premyer Liqasında oynamaq iqtidarındadır?
- Bilirsiniz, bütün bunlar ehtimallardır. Yəni ola da bilər, olmaya da. Buna görə də ehtimallar haqda danışmağa dəyməz.

- Onu gələcəkdə bir daha komandanıza dəvət etməyi planlaşdırırsınız?
- Hazırda bu məsələ planda deyil. Çünki dediyim kimi, futbolçular var və onlar komandamızda qalıblar. Hadisələrin bundan sonrakı axarı onların göstərəcəyi oyunun keyfiyyətindən və təkliflərdən asılı olacaq.

- Subaşiçi yayda yenidən sizə təklif etsələr, baxışdan keçirəcəksiniz?
- İstərdim. Ancaq hər şey iştirak ərizəsində olan futbolçuların çıxışından asılıdır. Əgər onların oyunu bizi qane edirsə, hücumçu yaxşıdırsa, niyə gedib başqa yerdə hücumçu axtarmalıyıq? Yox, bizi qane etməsə, daha səviyyəli hücumçu axtaracağıq və Subaşiç də həmin vaxt bu variantlardan biri olacaq.

- Branimir milli komandamızın aparıcı üzvüdür və cari seçmə mərhələdə Rusiya ilə qarşıdakı görüşdə özünü göstərə bilər...
- Onun oyununu görmədiyimizdən diqqət mərkəzimizdə qalacaq. Subaşiç haqda agentlər, onunla işləmiş məşqçilərdən məlumat əldə etmişdik. Deyim ki, bu informasiyalar heç pis deyildi.

- Azərbaycan futbolu, milli komandamız haqda da fikirlərinizi bilmək maraqlı olardı...
- Əlbəttə ki, futbolunuz, yığmanız haqda informasiyam var. Postsovet məkanında futbolun necə inkişaf etdiyini diqqətlə izləyirik. Bildiyimə görə, Azərbaycan futbolu yüksəlişdədir. Məndə olan məlumata görə, futbolunuza yaxşı pul qoyurlar. Fikrimcə, bu, vaxt keçdikcə nəticədə öz əksini tapacaq.

- Ölkəmizdə olmusunuzmu? Futbolçu, yaxud məşqçi olduğunuz vaxt yolunuz Azərbaycana düşübmü?
- Çox təəssüf ki, Azərbaycanda olmamışam. Ancaq ölkənizdə olmaq istərdim.

- Milli komandamızın sabiq futbolçusu Ruslan İdiqov vaxtilə komandanızda oynayıb...
- Onu tanıyıram. Ruslanla görüşmüşəm, çox yaxşı futbolçu olub. İdiqov vaxtilə “Terek” və “Spartak”da da oynayıb, Azərbaycanda olub, milli komandanıza cəlb olunub. Sonradan “Terek”də çalışıb, gənclərdən ibarət komandanı çalışdırıb. Rusiyanın Ali Məşqçilər Məktəbini bitirib və özünü işinə ciddi şəkildə həsr etmək istəyir.

- Yeri gəlmişkən, İdiqovu postunda yığmamızın sabiq baş məşqçisi Şahin Diniyev əvəzləyib. O, “Terek”in baş məşqçisi Vyaçeslav Qroznının köməkçilərindir.
- Diniyevlə görüşməmişəm. Amma mövsümün gedişində bu, baş verəcək.

- Komandamızın qarşısında yeni mövsümdə hansı vəzifə qoyulub? Sizcə, “Spartak” azarkeşlərini daha çox sevindirə biləcəkmi?
- Qarşımızda bir vəzifə durur – qalib gəlmək. Yəni, təkcə Premyer Liqada çıxış etməklə kifayətlənməyib, nəsə qazanmağa iddialıyıq. Medal, ad qazanmaq, göz qabağında olmaq arzusundayıq. İstəyirik ki, bu il komandamız üçün müsbət mənada ən parlaq il olsun. Buna nail olmaq üçün qarşımıza müəyyən vəzifələr qoyuruq. Azarkeşlərin futbola dəstək verməsini arzulayırıq. Biz də komandamıza elə futbolçular seçirik ki, onların istədiyimiz nəticəni əldə etməyə can atsınlar, belə motivasiyaları olsun. Öz növbəmdə sizlərə, Azərbaycan futboluna uğurlar arzulayıram.
0