“Bordo” “Qalatasaray”la görüşə itkilərlə gəlir
24.02.2009 - 17:38
“Bordo” “Qalatasaray”la görüşə itkilərlə gəlir
Fransanın “Bordo” klubu “Qalatasaray”la UEFA kubokunun 1/16 final mərhələsinin cavab görüşünə ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandanın lideri Yoan Qurkuff fevralın 26-da İstanbulda “Əli Sami Yen” stadionunda keçiriləcək görüşdə iştirak etməyəcək. “Bordo” “Milan”dan icarəyə götürdüyü 23 yaşlı yarımmüdafiəçiyə istirahət vermək qərarına gəlib.

Fransa milli komandasında da çıxış edən Qurkuffun son vaxtlar çox oyun keçirməsi əsas gətirilərək, onun dincəlməyə ehtiyacı olduğunu bildirilir. “Bordo”nun heyətlə bağlı itkisi təkcə bununla bitmir. Belə ki, fransızların qapıçı ilə də bağlı problemi var. Hətta vəziyyət o həddə gəlib çatıb ki, “Bordo”nun “Qalatasaray”a qarşı üçüncü qapıçını çıxaracağı müzakirə obyektinə çevrilib. Komandanın əsas qapıçısı, eyni zamanda kapitanı olan Ulrix Ramenin dizindəki zədənin əziyyətini çəkir. Məhz bu səbəbdən təcrübəli qapıçı Fransa çempionatının son turunda “Sent-Etyen”lə oyunu (1:1) buraxıb.

“Bordo” Ramenin İstanbuldakı matça qədər sıraya dönəcəyinə ümid edir. Onun əvəzləyici Matye Valverdə isə “Sent-Etyen”lə görüşdə burnunu sındırıb. Ancaq bununla belə, bu qapıçının “Qalatasaray”la görüşün iştirak ərizəsinə daxil edəcəyi deyilir.
0