“Neftçi”ni ən azı 2:0 hesabı ilə məğlub edəcəyik”
24.02.2009 - 18:04
“Neftçi”ni ən azı 2:0 hesabı ilə məğlub edəcəyik”
“Neftçi” ilə oyunda ən azı 2:0 hesabı ilə qalib gələcəyik. Hər iki cəbhədə mübarizə apardığımız üçün ilk matçda işi bitirməyimiz faydalı olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun türkiyəli məşqçisi Mehmet Ak deyib.

Ölkə kubokunun ¼ final mərhələsinin “Neftçi” ilə sabah keçiriləcək qarşılaşmasına böyük ümidlər bəsləyən gənc mütəxəssis klubun rəsmi saytına açıqlamasında böyük hesablı qələbə arzusunu gizlətməyib: “Qarabağ” bu gün ən güclü fiziki hazırlığı malik komandadır. “Neftçi”yə hörmət edirik, tarixi olan komandadır. Amma bu gün bizim komanda yüksəlişdədir. Hal-hazırda əsas məqsədimiz bu formanı qorumaqdır”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla hələ “Neftçi”də birgə çalışmış, hazırda ağdamlıların qapıçılarla işləyən məşqçisi olan Nizami Sadıqov oyunçularında diqqətli olmalarını tələb edir: “Kubok oyunları hər zaman gərgin olur. Geriyə yol olmadığından heç kim riskə getmək istəmir. Amma komandamızın son durumu göstərir ki, biz bu gün “Neftçi”dən daha güclüyük. Təbii ki, 90 dəqiqə meydanda güclü olan oyunun sonunda bəlli olur. Hər cür nəticə qeydə alına biləcəyindən diqqətli olmaq lazımdır”.

Komandanın türk əsilli legioneri Sedat Şahin isə artıq kubokun onların olduğunu düşünür: “Kuboka çox yaxınlaşmışıq. Çempionluqdan fərqli, kubokda daha az matç qazanmaqla titula yiyələnmək olar. Ürəyimə damıb ki, kubok bizim olacaq”.

“Qarabağ”ın gənc futbolçusu Maksim Medvedev isə daha təcrübəli həmkarları ilə müqayisədə ehtiyatlı danışıb: “İkinci dövrəyə yaxşı başlamışıq. “Neftçi” ilə oyunlarda da uğurlarımızı davam etdirmək istəyirik. Düzdü, asan olmayacaq. Amma qalib gəlməyə məhkumuq”.

Gənc hücumçu Rauf Əliyevin iddiası isə flaqmana qol vurmaqdan ibarətdir: “Çalışacağam ki, baş məşqçinin verdiyi şansdan maksimum yararlanım. “Qarabağ”da ilk matçıma məhz “Neftçi”yə qarşı kubok oyununda çıxmışam. O zaman 16 yaşım var idi. Həyəcanlanırdım. İndi isə qol vurmaq arzusu ilə yaşayıram”.

Qeyd edək ki, sabah Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.
0