Ponomaryov: 49 yaş tamam oldu, 50-yə nə qaldı?
24.02.2009 - 18:22
Ponomaryov: 49 yaş tamam oldu, 50-yə nə qaldı?
Bu gün “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov üçün əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Bakı” ilə Azərbaycan kuboku uğrunda oyun öncəsi ad gününü qeyd edir. 49 yaşı tamam olan Ponomaryov uzun fasilədən sonra doğum gününü vətənində keçirir.

Futbolçu karyerasını 1989-cu ildə “Norşepinq” klubunda bitirdikdən sonra İsveçdə qalan həmyerlimiz Azərbaycanda məşqçi işlədiyi vaxtda ölkəmizdə yaşayıb. Karyerasının böyük hissəsini “Neftçi”də keçirən (1978-81, 83-88, 226 oyun, 63 qol) Ponomaryov hərbi xidmətlə əlaqədar 1982-ci ildə Moskva MOİK-ində (34 oyun, 3 qol) çıxış edib. 1989-cu ildə isə “Norçepinq”in heyətində (17 oyun, 3 qol) yarım mövsüm keçirib və çempion olub. Bu, həmin klubun tarixində sonuncu çempionluğudur.

Həmin il SSRİ-nin əməkdar məşqçisi adına layiq görülən Ponomaryov futbolçu karyerası vaxtı rekorda imza atıb. Belə ki, yarımmüdafiəçimizin SSRİ çempionatında ardıcıl 24 penalti zərbəsini dəqiq yetirməsi rekord sayılır. SSRİ-nin müxtəlif yığma komandalarına cəlb edilən Ponomaryov 1988-ci Seul Olimpiadasının qalibi olub. Bununla da o, olimpiya çempionu olan yeganə futbolçumuzdur. Ponomaryov 1978-ci ildə gənclər arasında Avropa çempionu, bundan bir il sonra gənclər arasında dünya çempionatının gümüş mükafatçısı olub.

Məşqçilik karyerası boyu milli komandamızı (2000-01), İsveçin “Sirianska” (2002-03), “Qarabağ” (2004-05), Rusiyanın “Maşuk-KMV” klubunu (2006-07) çalışdıran Ponomaryov ötən ilin dekabrın ilk günlərində “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunub. Milli komandamızın 17 illik tarixində yeganə baş məşqçidir ki, seçmə mərhələni əvvəldən sonadək başa vurub. O, Şahin Diniyevlə birgə yığmamızın çalışdırıcıları arasında ən çox xal toplayandır – 7 xal. “Xəzər-Lənkəran”ın futbolçuları üçün Ponomaryova ən yaxşı hədiyyə “Bakı” ilə sabahlı görüşdə qələbə olacaq.
0