Yunis Hüseynov: Futbolçular pərt olublar, mən isə özümə gələ bilmirəm
24.02.2009 - 19:09
Yunis Hüseynov: Futbolçular pərt olublar, mən isə özümə gələ bilmirəm
“Bakılı”ya məğlubiyyətdən sonra futbolçularımızda ruh düşkünlüyü yoxdur. Sadəcə, onlar pərt olublar. Məndə isə həyəcan qalıb. Bu üzücü məğlubiyyətə görə hələ də özümə gələ bilməmişəm”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Onun bildirdiyinə görə, son turda “Bakılı”ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra futbolçuları cəzalandırmaq məsələsi qüvvədə qalır: “Bu fikrimi dəyişməmişəm. Futbolçuların cəzalanacağını demişəm və bunu da edəcəyəm. Klubdaxili iclasda bunu reallaşdıracağıq. Yəqin ki, bu, cərimə hesabına olacaq. Futbolçuları konkret nə qədər cərimələyəcəyimi deyə bilmərəm. Hesab etmirəm ki, futbolçuları cəzalandırmağım sonradan daha da pis nəticə verə bilər. Hər halda, indiyədək belə bir şey olmayıb və əvvəlki cəzalar vaxtı da yetirmələrim bunun düzgün edildiyini deyiblər”.

Artıq “Olimpik”lə XVI turun Yevlaxdakı oyunun hazırlığına başlayan Hüseynov futbolçuların cəzalanmalarının səbəbini yaxşı bildiklərini söyləyib: “Futbolçulara cəza ona görə veriləcək ki, “Bakılı”ya uduzmamalı idilər. Düzdür, həmin gün meydançanın vəziyyəti çox bərbad idi. Elə qazonda futbol yox, antifutbol oynanıldı və rəqiblər arasında səviyyə fərqi bilinmədi. Zəif rəqibə müdafiə olunmaq asan olur, topu hara gəldi vurur və nəticə qazanır. Mən də oyundan hiss edirdim ki, belə meydançada xal itirəcəyik. Ancaq bunlar komandama haqq qazandırmır”.

“Bakılı” bu qələbə sayəsində Premyer Liqada yerini qorumaq uğrunda mübarizədə böyük üstünlük qazandı. “Karvan”ın 44 yaşlı çalışdırıcısı autsayderə bilərəkdən xal verilməsi bağlı gəzən söz-söhbətləri qətiyyətlə təkzib edib: “Bu, qətiyyən mümkün deyil, dünyasında ola bilməz. Mən şübhələri qəbul etmirəm, etmərəm də. Belə şeylərin Yunis Hüseynova aidiyyatı yoxdur. Pərdəarxası, danışılmış oyunlarla bağlı deyilənlərin həmişə boş söz-söhbət saymışam”.
0