Branimir Subaşiç: OFK və “Çukariçki” klublarına keçə bilərəm - MÜSAHİBƏ
25.02.2009 - 11:11
Branimir Subaşiç: OFK və “Çukariçki” klublarına keçə bilərəm - MÜSAHİBƏ
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin müsahibəsi

- Bir müddət əvvəl “Srvena Zvezda”dan transferə çıxarıldınız. Bu, sizin üçün gözlənilməz olmadı ki?
- Mənə demək olar ki, qapını göstərdikləri üçün çox məyus olmuşdum. Ən pisi isə keçid dövrünün sonuna 5 gün qalmış transferə çıxarılmağım idi. Mənə güvənmək fikrində deyildilərsə, bunu payız mərhələsinin sonunda, ən geci yeni ildən sonra bildirməli idilər. Belə olan halda, özümə yeni komanda tapa bilərdim. İndi isə uyğun variant tapmaqda çətinlik çəkirəm.

- Yeni klubunda əməkhaqqının “Srvena Zvezda”da aldığından az olacağına da razı olarsan?
- Bəli. Bu nə qədər acı olsa da, belədir. Elə “Srvena Zvezda”da vəziyyət o qədər yaxşı deyildi. Son dəfə noyabrda pul almışdım. Özü də tam yox, bir hissəsini. Ən dəhşətlisi isə odur ki, maddi cəhətdən itirməyim azmış kimi, futbolçu kimi səhnədən itmək təhlükəsi ilə üzləşmişəm.

- İdman direktoru İliya İviç komandaya lazım olmadığını necə izah etdi?
- Heç mənimlə görüşmədi də. Zəng vurub dedi ki, qulaq as, sənin mövqeyinə oyunçular alacağıq. Bu, birinci Kipr toplanışının sonlarında baş verdi. İndi komanda ilə iki il yarımlıq müqaviləm qalsa da, təlimlərdən kənarda qalmışam. Həqiqətən də taleyimin necə olacağını bilmirəm.

- Koreyanın “Seul” klubuna keçəcəyiniz gözlənilirdi. Hətta bir müddət Çində də oldunuz...
- Koreya təmsilçilərinin nümayəndələri ilə razılığa gəlmişdim. Bu, Çinə baxışa yollanmağımdan sonra baş verdi. Amma Çinə çatdığım gün xəstələndim. Düzü, oranın həyatına və yeməklərinə öyrəşməyə hazır idim. Amma xəstələnməyim Belqrada qayıtmağıma səbəb oldu.

- Üç il çıxış etdiyin və milli komandasının da şərəfini qoruduğun Azərbaycan klublarına keçmək variantın olmadı ki?
- Azərbaycan klubları məni çağırırdılar. Amma bu təklifləri Koreya variantına qurban verdim. Düşünürdüm ki, asiyalılarla hərtərəfli razılaşmışıq. Amma mən komandanın düşərgəsinə gedəndə, deyilənlərlə gördüklərimin fərqini gördüm. Koreyalılara inanmağım mənə bir dərs oldu.

- Serbiya klubları OFK və “Çukariçki”də oynamaq şanslarını necə dəyərləndirirsiniz?
- Bu mənim son variantımdır. Klubumuzun maraqlarını da nəzərə almalı olduğumuzdan, ilk növbədə “Srvena Zvezda” ilə məsələni tam həll etməliyik. İndi isə mən nə yerdəyəm, nə də göydə.

- Komandanın hazırlıqlarına qatılmadığından formanı itirməmisiniz ki?
- Oyun formamı onların qəbul edəcəyi dərəcədə qorumuşam. Nə fiziki, nə də psixoloji cəhətdən geriləmişəm. Düzdür, peşəkar klubla hazırlıq keçməmişəm. Və bunun yazdakı ilk matçda oyunuma təsir edə biləcəyi ilə də barışmalıyam. Amma hamı bilir ki, mənim bəzi xüsusiyyətlərim var. Ardıcıl üç qarşılaşmada meydana çıxdıqdan sonra ən yaxşı oyunumu göstərə bilirəm.
0