Uels yığmasının baş məşqçisi Con Toşak Bakıya niyə gəlib?
25.02.2009 - 11:15
Uels yığmasının baş məşqçisi Con Toşak Bakıya niyə gəlib?
Uels Futbol Federasiyasının nümayəndələri Bakıya gəlib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsində iyunun 6-da Azərbaycanla qarşılaşacaq britaniyalıların səfəri təşkilati məsələlərlə bağlıdır.

Uels yığmasının baş məşqçisi Con Toşakın da daxil olduğu nümayəndə heyətinə Uels Futbol Federasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəisi Mark Evans və federasiyasının səyahət üzrə agenti Toni Klemo da daxildir. Bu səfər təxminən üç ay yarımdan sonra keçiriləcək Azərbaycan - Uels matçına təşkilati baxımdan hazırlaşmaq, komandanın məskunlaşacağı oteli və məşq edəcəyi stadionu müəyyənləşdirmək məqsədi daşıyır. Uelsli qonaqların səfəri sabah başa çatacaq.

Qeyd edək ki, iyunun 6-da keçiriləcək Azərbaycan – Uels matçı Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0