Rəşad Sadıqov: Başıma təpik dəyəndə, özümdən getmişdim
25.02.2009 - 11:43
Rəşad Sadıqov: Başıma təpik dəyəndə, özümdən getmişdim
“Kayserispor”la matçdakı səhvi özümə dərd etmişdim. Yaxşı ki, “Qalatasaray”la görüşdə çox yaxşı oynadıq və istədiyimizi aldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.

“Kocaelispor” klubunun şərəfini qoruyan 27 yaşlı müdafiəçi Türkiyə mətbuatına açıqlamasında Superliqanın “Qalatasaray”la görüşü haqqında fikirlərini bildirib: “Artıq xal fərqinin aradan qaldırılması vaxtıdır. “Qalatasaray”la oyunda azarkeşlərimiz bizi dəstəkləyib öz üstünlüyü ilə “Cim Bom” tərəfdarlarını susdurdu. Sonda qazanan da bizim azarkeşlər oldu, özümüz kimi. Bu, turun ən gözəl oyunu idi. Başıma təpik dəyən epizodda 30, ya 40 saniyə özümdən getmiş vəziyyətdə qaldım”.

Sadıqov qarşıdakı rəqiblərin heç də “Qalatasaray”dan zəif olmadığını düşünür: “Ən çox ehtiyacımız olan mənəvi gücü bu matçda qazandıq. Ancaq bir qələbə ilə hər şey bitmir. Qarşıda daha çətin 13 qarşılaşma var. “Bursaspor”la oyun “Qalatasaray”la olduğundan da ağır keçəcək. Biz yaxşı oynamağa başlamışıq”.

Qeyd edək ki, “Kocaelispor” növbəti oyununu martın 1-də səfərdə “Bursaspor”a qarşı keçirəcək.
0