Nadir Qasımov: Topla hazırlıq keçmək, “fişka”ları düzmək məşqçi olmaq demək deyil
25.02.2009 - 17:24
Nadir Qasımov: Topla hazırlıq keçmək, “fişka”ları düzmək məşqçi olmaq demək deyil
“Mən komandaya gələndən sonra Vladislav Qədirovun gedəcəyi haqda xeyli söz-söhbət yayıldı. Amma mən bu haqda yazılmamağını xahiş etmişdim. Çünki onu yaxşı tanıyırdım, münasibətlərimiz qaydasında idi”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun baş məşqçi əvəzi Nadir Qasımov deyib.

Onun sözlərinə görə, vaxtilə rəhbərliyi altında oynadığı Vladislav Qədirovun təcrübəsinin az olması öz sözünü deyib: “Qədirov futbolçu kimi, həm Avropa, həm də dünya çempionu olub və ikinci belə oyunçumuzu tanımıram. Ancaq məşqçi kimi formalaşmasına vaxt lazım idi. Bunun üçün onu xaricə məşqçilik kursuna göndərmək olardı. Ancaq əfsuslar olsun ki, bizdə futbolu qurtaranlar dərhal baş məşqçiliyə can atırlar. Futbolçu karyeramı bitirdikdən sonra 7 il Anatoli Banişevskinin çalışdırdığı komanda ikinci məşqçi işləmişəm. Yaxşı olardı ki, gənc mütəxəssislərimiz bir müddət məşqçiliyin sirlərini öyrənsinlər, bu sənətin incəliklərinin nə demək olduğunu bilsinlər. Yoxsa topu ortaya atıb hazırlıq keçmək, “fişka”ları düzmək məşqçi olmaq demək deyil. Məşqçi psixoloq, ata, ana, bacı olmalıdır. Pele kimi dahi futbolçu məşqçilikdə özünü görmədiyindən, çalışmadı”.

Premyer Liqanın qarşıdakı turunda komandanı “Turan”la oyuna çıxaracaq Qasımov baş məşqçi olmasına da münasibət söyləyib: “Rəhbərlik işimi bilir və müvəqqəti olaraq komandanı çalışdırmağı mənə həvalə etdi. Onlar da təlim-məşq planının pozulmasını istəmirlər və mən də işin icraçısı kimi deyilənləri yerinə yetirirəm. Hazırda baş məşqçi axtaran klub rəhbərliyi ilə bu vəzifəyə təyin edilməyimlə söhbətimiz olmayıb. Reallığı nəzərə alsaq, turnir cədvəlinin sonlarında gedən komandanın sükanı arxasına keçmək böyük məsuliyyətdir. Ancaq fikrimcə, bu ağır yükün altına girmək olar. Komandaya hərtərəfli kömək edirəm və “Muğan”da qalmağımın heç bir ziyanı yoxdur”.

Qeyd edək ki, Qasımov cari mövsümə “Bakılı”nın baş məşqçisi olsa da, hələ ilk dövrənin ortasında istefa verdi. Turnir cədvəlində 11-ci yerdə gedən bu komanda ən yaxın izləyicisi olan “Muğan”ı 4 xal qabaqlayır.
0