Pokora nikbin, Xodukin ehtiyatla danışdı
25.02.2009 - 17:41
Pokora nikbin, Xodukin ehtiyatla danışdı
“İlk oyunda uduzsaq da, yarımfinala çıxmaq şansımız qalıb. Qarşıda hələ cavab oyunu var. Öz meydanımızda keçirəcəyimiz həmin matçda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

İndiyədək “İnter”i yenə bilməyən 61 yaşlı ukraynalı mütəxəssis bu uğursuzluğa yenə son qoya bilməyib. Azərbaycan kuboku uğrunda ilk ¼ final matçında əsas futbolçuların bir çoxuna istirahət verən Pokora bunu təsadüfi saymır: “Ağır qrafikimiz var. Təqvimə əsasən üç gündən bir çətin oyunlar keçirməli oluruq. Buna görə də bu gün bir sıra futbolçularımızı ehtiyatda saxladım. Bu da nəticəyə öz təsirini göstərdi”.

Pokoranın “İnter”in sükanı arxasında olan həmyerlisi Valentin Xodukin də ehtiyatlı danışıb. 70 yaşlı ukraynalı mütəxəssis ilk oyunda 2:0 hesablı qələbə qazanmasına baxmayaraq özünü artıq yarımfinalda hiss etmir: “Kubok iki oyundan ibarətdir. Qalib istənilən halda, cavab görüşündə bilinəcək. Buna görə də cavab görüşünə ciddi hazırlaşacağıq. İlk matçda komandanın oyunundan razı qaldım. Futbolçular meydanda topu yaxşı saxlayır, onunla yaxşı davranırdı”.

Qeyd edək ki, “Simurq”la “İnter” arasında Zaqataladakı görüş martın 11-də keçiriləcək.
0