Yığmamızın oynayacağı stadionda 1 loja 50 min dollaradır
25.02.2009 - 18:34
Yığmamızın oynayacağı stadionda 1 loja 50 min dollaradır
İyunun 2-də Türkiyə - Azərbaycan beynəlxalq yoldaşlıq görüşünün keçiriləcəyi “Kadir Has” stadionunda son tamamlama işləri aparılır. Apasport.az saytının məlumatına görə, Kayseridə inşa olunan arena ilə tanış olmaq üçün martın 1-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu şəhərə səfəri gələcək. Daxili işlər naziri Beşir Atalayın ardınca, Ərdoğan da stadionu gəzəcək, öz məsləhət və tövsiyələrini verəcək.

“Kadir Has”da keçirilməsi nəzərdə tutulan ilk matç Türkiyə Superliqası çərçivəsində “Kayserispor” və “Fənərbaxça” arasında martın 8-də oynanılacaq. Türkiyənin ən müasir idman qurğusunda artıq lojalar satışa çıxarılıb. Burada hərəsi 8 tamaşaçı tutumuna malik 52 loja var. “Kayserispor”un baş meneceri Süleyman Hurma qiymətləri açıqlayıb: “Hər bir lojanın qiyməti mövsüm üçün 50-60 min dollaradır. İndiyədək 5 loja satmışıq. Çox güman ki, çempionatın gedişində digər lojalara da tələbat yaranacaq”.

Stadion rəhbərliyinin “Kayserispor” - “Fənərbaxça” oyununun tamaşaçılarına sürpriz hazırlayıb. Arenaya təşrif buyuracaq ilk 5 min azarkeşə forma bağışlanılacaq. Bundan başqa, lotereyada 1 avtomobil və 10 televiziya oynanılacaq.

Qeyd edək ki, 33 min tamaşaçı tutan “Kadir Has”da həndbol, voleybol və basketbol zalları da mövcuddur. Stadionun həyətində restoran, kafe, avtomobil dayanacağı və park da var.
0