Lənkəranda yenə “istefa” sədaları
25.02.2009 - 20:02
Lənkəranda yenə “istefa” sədaları
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Bakı”ya məğlub olan “Xəzər-Lənkəran”ın uğursuzluğu azarkeşlərin qəzəbinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, sevimli komandalarının bu dəfə də öz meydanında qol vura bilməməsi lənkəranlı fanatların İqor Ponomaryovun istefasını tələb etməsinə səbəb olub.

Belə ki, dünənki ad gününü bu günkü məğlubiyyətlə “qeyd edən” 49 yaşlı mütəxəssisin ünvanına “istefa, istefa” sədaları səsləndirib. Ponomaryovun baş məşqçi postuna gəlməsindən sonra yalnız “Turan”ı səfərdə məğlub edən “Xəzər-Lənkəran” öz meydanında nə “Karvan”la çempionat (0:0), nə də “Bakı” ilə kubok oyununda (0:1) qalib gələ bilib.

Qeyd edək ki, cari mövsümdə “Xəzər-Lənkəran”ın iki baş məşqçisi – Ağasəlim Mircavadov və Rasim Kara istefa verib.
0