Ramal “Kocaelispor” üçün oynadı, Rəşad yox
26.02.2009 - 11:00
Ramal “Kocaelispor” üçün oynadı, Rəşad yox
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduqları Türkiyənin “Kocaelispor” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi aşağı dəstədə mübarizə aparan “Pendikspor”la yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Qarşılaşma “Kocaelispor”un Türkiyə Superliqasının son turunda “Qalatasaray”la matçda meydana çıxmayan futbolçularının oyun təcrübəsi qazanmasına xidmət edib. Elə bu səbəbdən əsas heyət üzvü Rəşad “Pendikspor”a qarşı forma geyinməyib. Əvəzində, digər həmyerlimiz Ramala oynamaq şansı qazanıb.

Bir neçə il əvvəl Türkiyə kubokunda “Fənərbaxça”nı dayandırması ilə məşhurlaşan “Pendikspor” kocaelilərlə bacarmayıb. Ramal və komanda yoldaşları 2:0 hesabı ilə qalib gəlib.

Start heyətində yer alaraq, 57 dəqiqə meydanda olan Hüseynova Türkiyə mətbuatı yüksək qiymət verib. Türk həmkarlarımız onun çıxışını ən yüksək - 3 ulduzla qiymətləndirib və 25 yaşlı yarımmüdafiəçi barədə bu sözləri qeyd ediblər: “Kocaelispor”un yeni transferləri Fatih Akyel və azəri futbolçu Ramal Hüseynov oynadıqları futbolla əsas komanda üçün də hazır olduqlarını nümayiş etdirdi”.
0