AFFA gələn ay Premyer Liqanın formatını dəyişəcək
26.02.2009 - 11:05
AFFA gələn ay Premyer Liqanın formatını dəyişəcək
Martın 16-da AFFA-nın növbəti konfransı keçiriləcək. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Assosiasiyanın inzibati binasında baş tutacaq konfransın gündəliyində əsasən 6 məsələ durur.

Tədbirdə ardıcıllıqla AFFA-nın illik, maliyyə, eləcə də müstəqil audit təşkilatının hesabatı dinləniləcək. Daha sonra növbəti ilin büdcəsi təsdiq ediləcək. Ən maraqlı məsələ isə Premyer Liqanın yeni sistemdə keçirilməsi ilə bağlıdır. Konfrans üzvləri bunu müzakirə edərək, yekun qərara gələcəklər. Yeri gəlmişkən, Premyer Liqaya marağı artırmaq üçün 2009/10 mövsümündən etibarən yarış iştirakçılarının sayının 14-dən 12-yə azaldılması gündəmdədir.

Konfransda, həmçinin lisenziyalaşdırma komissiyasının tərkibində dəyişiklik ediləcək. Yığıncağın gedişində digər məsələlər də ortaya çıxa bilər.

Qeyd edək ki, AFFA-nın nizamnaməsinə uyğun olaraq, konfrans ildə 1 dəfə keçirilir. Rövnəq Abdullayevin prezident postunda bir illik fəaliyyəti martda tamam olacağından, növbəti konfrans həmişəki kimi aprelə yox, gələn aya təyin edilib.
0