“Özümü kiməsə yox, özümə sübut etmək istəmişəm”
26.02.2009 - 13:45
“Özümü kiməsə yox, özümə sübut etmək istəmişəm”
“Heç vaxt özümü keçmiş komandalarımla oyuna xüsusi şəkildə kökləmirəm. Mənim üçün bütün rəqiblərlə görüş vacibdir. Hər bir matçda motivasiyam böyük olur”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Bu həftə ardıcıl iki keçmiş komandası ilə görüşəcək 36 yaşlı futbolçu ölkə kubokunda “Xəzər-Lənkəran”ın ardından Premyer Liqada “İnter”lə üz-üzə gəlir. Hər iki komanda ilə çempionluq sevinci yaşayan ən titullu futbolçumuz Lənkəranda qazandıqları qələbədə (1:0) əsas pay sahibi olub. Belə ki, “Bakı”nın nigeriyalı hücumçusu Əhməd Ticani məhz Qurbanovun məhsuldar ötürməsini qola çevirib: “Mənim üçün hər bir rəqib güclü, hər bir oyun çətindir. Elə “Xəzər-Lənkəran”la ilk kubok matçı da ağır oldu. Hazırda “Bakı”nın şərəfini qoruyuram və artıq meydana bu komandanın qələbəsi üçün çıxıram. Necə deyərlər, dostluq öz yerində, iş öz yerində. Əlbəttə, prinsipiallıq həmişə var. Ancaq özümü kiməsə sübut etmək fikrim yoxdur. Həmişə ilk növbədə özümü özümə sübut etmək istəmişəm”.

Son il yarımı “İnter”də keçirən Mahmud qış fasiləsində “Bakı”ya transfer olundu. Təcrübəli futbolçu hələ özünün də çıxış etdiyi vaxtda “İnter”in yaranan uzun müddətli məğlubiyyətsiz oyunlar seriyasına son qoymağı real sayır: “İnşallah, buna elə “Bakı” son qoyar. Biz qalib gəlib, liderliyə yüksəlmək istəyirik. Hesab edirəm ki, son ölkə çempionunu məğlub etmək şansımız böyükdür. Açığı, “İnter”dən gedəndən sonra bu komandanı oyununa baxmamışam. Məni artıq “Bakı” maraqlandırır. Belə götürəndə, “İnter” ikinci dövrədə liderlərlə görüşməyib və keçirdiyi oyunlarda elə də çox güc sərf etmədən qalib gəlib. Bu mənada qarşıdakı oyun həm “İnter”, həm də “Bakı” üçün ciddi sınaq olacaq”.

Qeyd edək ki, “İnter” Premyer Liqada artıq 21 oyundur uduzmur.
0