İqor Ponomaryov onu istefaya səsləyən azarkeşlərə sərt cavab verdi
26.02.2009 - 16:22
İqor Ponomaryov onu istefaya səsləyən azarkeşlərə sərt cavab verdi
“Futbolda qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Qol vurmasan, nəticə də olmayacaq. Komandamız çoxlu qol imkanları yaradır, amma istifadə edə bilmir ki, bu da təəssüf doğurur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

49 yaşlı mütəxəssisin çalışdırdığı cənub təmsilçisi ikinci dövrədə Lənkəranda nə qələbə qazanıb, nə də qol vurub. Futbolçuların oyunundan razı qalan Ponomaryov rəqib qapısına yol tapmağın vacibliyini söyləyib: “Futbolun da yazılmamış qanunu var ki, sən vurmasan, sənə vurarlar. “Bakı” ilə görüşdə qol imkanlarından hələ birinci hissədə yararlanmalı idik. Bunu etmədik və ikinci hissədə rəqib qapımızdan top keçirdi. Yaxşı oyun var, ancaq əfsuslar olsun ki, hələ qol vura bilmirik. Bu da ruh düşkünlüyünə səbəb olur. Bəxtin gətirməməyi, idman xoşbəxtliyinin olmamağı öz sözünü deyir”.

Yaranan qol epizodlarından yararlana bilməməklərindən gileylənən Ponomaryov Türkiyə Superliqasında oynamış hücumçular – İvan Svetkovla Əhməd Dursunun çıxışına da toxunub: “Onlar səviyyəli futbolçulardır. Svetkov Tovuzda ən azı 3 dəfə qol vura bilərdi. “Bakı” ilə görüşdə də təhlükəli vəziyyətlərdən yararlanmadı. İvan bu qolsuzluq sindromundan azad olmalıdır. İkinci dövrədə ilk qolunu vursa, davamı mütləq gələcək. Dursunun da ustalıq səviyyəsi yüksəkdir. Sadəcə, fiziki hazırlığı yüksək səviyyədə deyil. Əgər Əhməd komandamızdadırsa, deməli, bizə lazımlı futbolçudur”.

“Bakı” ilə oyunun sonlarında səslənən “İstefa” şüarlarına gəlincə, Ponomaryov bundan məyus olduğunu vurğulayıb: “Onu deyim ki, məni istefaya səsləyənlər azarkeşlər deyildi. “İstefa, istefa” şüarları səslənərkən hələ oyun bitməmişdi. Axı azarkeş matç qurtarmamış bunu necə edə bilər? Hesabda geridə düşən futbolçulara belə çətin vaxtda azarkeşlərin dəstəyi lazımdır. Azarkeş komandanın 12-ci futbolçusu deməkdir. Məni istefaya səsləyənlərin kim olduğunu deyə bilmərəm. Bunu araşdırmaq mənim işim deyil. Peşəkar mütəxəssisəm, öz işimi bilirəm. Hesab edirəm ki, klub rəhbərliyi də məni dəstəkləyir. Komanda ikinci dövrəyə yaxşı hazırlaşıb, ölkədən kənarda təlim-məşq toplanışı keçib. Rəhbərlik də görür ki, komanda yaxşı oyun sərgiləyir. Təəssüf ki, bu, hələ nəticədə öz əksini tapmır”.

Qeyd edək ki, Ponomaryovun dövründə üç oyun keçirən “Xəzər-Lənkəran” bir qələbə qazanıb, bir heç-heçə edib, bir dəfə də uduzub.
0