“Xəzər-Lənkəran” kimlərə uduzdu?
26.02.2009 - 16:46
“Xəzər-Lənkəran” kimlərə uduzdu?
Azərbaycan kubokunun ilk ¼ final matçında səfərdə “Xəzər-Lənkəran”ı məğlub edən “Bakı” iki heyətlə mübarizə aparır. Apasport.az saytının məlumatına görə, Qyoko Hacıyevskinin sərəncamında Premyer Liqa və kubokda mübarizə aparan iki heyət mövcuddur. Belə ki, bu il komandanın keçirdiyi ilk oyunla müqayisədə Lənkəranda meydana ikinci heyət çıxmışdı.

MOİK və “Neftçi” ilə görüşləri əvəz olunmadan meydanda olan 5 futbolçusundan yalnız birinə - Ernad Skuliçə kubok oyununda ehtiyac duyan Hacıyevski Rafael Əmirbəyov, Xalidu Sissoko, Cəmşid Məhərrəmovla Aleksey Savinova istirahət verib.

Əvvəlki iki matçın hər ikisində start heyətində meydana çıxan, lakin 180 dəqiqə oynamayan 4 futbolçudan isə yalnız yarısı – Georgi Adamiya və Mahmud Qurbanov “Xəzər-Lənkəran”la görüşdə meydana çıxdı. Mahmud yalnız ikinci yarıda “döyüşə” girdisə, əvvəlki matçların start heyətində yer alan Fernando Pereslə Vadim Borets də “İnter”lə qarşılaşma üçün saxlanıldı.

Premyer Liqanın ikinci dövrəsinin hər iki matçında çıxış edən, lakin heç də hər iki halda start heyətdə çıxmayan 3 futbolçudan biri – çempionatın iki ən məhsuldar futbolçusundan olan Amiran Muciri də səfər oyununda istirahət etdi. Draqan Naçevski yalnız birinci hissədə oynadı. Əvvəlki iki oyunda oynamağına baxmayaraq, start heyətində yerini itirən Fabio Luis Ramim isə kapitan sarğısı ilə meydana çıxdı.

Hacıyevskinin Lənkəran matçında güvəndiyi digər 9 futbolçudan üçü cari mövsüm heç olmasa, 1 dəfə meydana çıxıb. Qələbə qolunun müəllifi Əhməd Ticani və qırmızı vərəqə alan Aleksandr Tamaş Premyer Liqada lazım olmayan oyunçulardır. Nigeriyalı iki görüşdə 11, bolqarıstanlı isə 7 dəqiqə oynasa da, kubokda start heyətdə yer alıb. “Xəzər-Lənkəran”a qarşı oynayan 6 futbolçu 2009-cu ildə ilk rəsmi matçına çıxdı. Onlardan dördü isə start heyətdə yer almışdı.
0