Qyoko Hacıyevski yığmaya layiq futbolçuların adlarını açıqladı
26.02.2009 - 17:39
Qyoko Hacıyevski yığmaya layiq futbolçuların adlarını açıqladı
“Komandamızda Saşa Yunisoğlu və Fabio Luis Ramimdən başqa da yığmada oynamağa layiq futbolçular var”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Dörd ay Azərbaycan yığmasının baş məşqçisi olan 54 yaşlı makedoniyalı mütəxəssis xələfi Berti Foqtsla AFFA-nın inzibati binasında bu gün keçirdiyi görüşdən razı qalıb. Hacıyevski “Bakı”da sərəncamında olan futbolçuların milliyə cəlb olunmaq perspektivini alman həmkarı ilə bölüşüb: “Saşa və Fabio ilə yanaşı, Cəmşid Məhərrəmov, Elvin Əliyev, Mahmud Qurbanov və hətta gənc hücumçumuz Bəxtiyar Soltanovu milli səviyyəli futbolçu sayıram. Bəxtiyarı Foqtsa təklif etdim və o da sabah əvəzedici komandamızın “İnter”lə keçirəcəyi çempionat oyununu izləməyə gələcək. Bu futbolçularla müqayisədə təcrübəsi böyük olan Mahmudun 36 yaşı var. Foqts onu yaxşı tanıyır və vaxtilə milli komandaya dəvət edib. Məncə, Mahmud bu yaşında da yığmaya faydalı ola bilər”.

Yunisoğlu ilə Ramim milli üzvləri olduğu halda, ikinci dövrədə əsas heyətdən kənarda qalıblar. Saşa “Xəzər-Lənkəran”la kubok matçında “Bakı”nın heyətində debüt etdiyi halda, həmin görüşə komandanı kapitan qismində çıxaran Ramim Premyer Liqa matçlarında sonradan meydana daxil olub. Hacıyevski hər iki futbolçuya əsas heyət oyunçusu gözü ilə baxdığını söyləyib: “Foqts milli üzvlərinin klublarda daha çox oyun praktikası qazanmasında maraqlıdır və biz futbolçuların hazırlıq durumunu müzakirə etdik. Fabio səviyyəli futbolçudur. Saşanı isə qış fasiləsində transfer etmişik. Ona komandamızda yeni futbolçu kimi adaptasiya baxımından vaxt lazımdır. Yunisoğlu ikinci dövrəyə hazırlıq keçdiyimiz zaman millinin Dubay toplanışına cəlb olunduğundan, məşqlərdən kənarda qaldı. Onun həm də zədələnməsi öz sözünü dedi. Əsas heyətdə oynamağa layiq olan Saşaya böyük ümidlər bəsləyirik. Sadəcə, komandamızda böyük rəqabət var və daha hazırlıqlı olan start heyətində yer alır”.

Qeyd edək ki, sonuncu dəfə ötən ilin sentyabrında Lixtenşteynlə Bakıdakı oyunda (0:0) millidə oynayan Mahmud sonuncu qolunu Hacıyevskinin vaxtında – Finlandiya ilə səfər matçında (1:2) vurub. Foqts Qurbanovu Finlandiya və Bəhreynlə səfər oyunlarına aparsa da, ehtiyatda saxlamış və sonradan ümumiyyətlə, çağırmayıb.
0