“Rusiya ilə görüşdə bizi heç-heçə də qane edir” - MÜSAHİBƏ
26.02.2009 - 17:56
“Rusiya ilə görüşdə bizi heç-heçə də qane edir” -  MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Bu günlərdə tanınmış futbol məmuru, FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik Bakıda səfərdə oldu. Türkiyəli qonaq paytaxtımızdan hansı təəssüratlarla ayrıldı?
- Çox sevindirici haldır ki, FİFA və UEFA-nın nümayəndələri Azərbaycanda ilk futbol akademiyasının açılış mərasimində iştirak etdilər. Bu, bir daha AFFA-nın strategiyasının, tutduğu yolun düzgün olduğunu sübuta yetirir. Bizim inkişaf yolumuzu FİFA və UEFA da təsdiqləyir və dəstəkləyir. Futbol akademiyasının inşa olunması ilə bağlı 2008-ci ilin aprelində AFFA prezidenti Rövnəq Abdullayev qərar vermişdi. İcraiyyə Komitəsinin üzvləri bu qərarı təsdiqləmişdilər. Akademiyanın inşası 2008-ci ilin mayından bu ilin yanvarınadək dövrü əhatə etdi. Tikinti işləri ilə hətta ötən ilin iyulunda paytaxtımıza gələn UEFA prezidenti Mişel Platini də tanış olmuşdu. Fevralın 23-də keçirilən akademiyanın təntənəli açılış mərasimində Şenes Erzikin iştirakı isə bizim üçün çox əhəmiyyətli idi. Şenes bəy burada AFFA rəhbərliyi ilə müsbət, effektiv görüş keçirdi və müxtəlif perspektiv layihələri müzakirə etdik.

- Yəqin ki, həmin görüşlərdə Bakıda tikilməsi nəzərdə tutulan 80 min nəfərlik stadionun məsələsi barədə də fikir mübadiləsi aparmısınız?
- Biz UEFA-nın vitse-prezidentinə son bir ilin hesabatını verdik, gələcək planlarımızı bildirdik. Təbii ki, stadionlar məsələsinə də toxunduq. Bilirik ki, futbolun inkişafı üçün stadionlar mütləq olmalı, infrastruktur imkanları artırılmalıdır. Şenes bəy bizim hazırladığımız futbolçuların məlumat bazasını çox bəyəndi. O qeyd etdi ki, futbolun inkişafında məlumat bazası həddən artıq vacibdir.

- Akademiyanın strukturu necədir?
- Struktura görə, əsas işləri peşəkar menecer həyata keçirəcək. Akademiyanın texniki müdiri U-17 və U-21-in baş məşqçisi Bernard Lippertdir. Eyni zamanda, buraya U-15-in baş məşqçisi Oliver Pelzer, həmçinin aşağı yaşlılardan ibarət yığmaların çalışdırıcıları cəlb olunacaqlar. Çünki akademiyada U-15 komandası formalaşdırılacaq. Aprel sonunadək seleksiya işləri davam etdiriləcək. Hazırda akademiyada uşaqlar varsa, bu o demək deyil ki, apreldə də eyni uşaqlar orada qalacaqlar. Yəni, seçim müsabiqələri olacaq. Hər ay seleksiya işləri aparmağı planlaşdırmışıq. 1-2 aydan sonra seçilən uşaqların nəticələrinə baxılacaq. Akademiyada işlər dövrü olacaq. Əsas heyət 5-6 yeniyetmə futbolçudan qurulacaq. Qalan heyət isə tez-tez dəyişəcək. Ona görə belə etmişik ki, akademiyada oxuyan uşaqlar arxayınlaşmasınlar. Fikirləşməsinlər ki, bizi bura seçiblər və heç kim çıxarmayacaq. Həmçinin, tətbiq edəcəyimiz sistem bu rübdə akademiyaya daxil ola bilməyən uşaqlara gələn rübdə yenidən imtahan vermək şansı yaradacaq. Onlar öz üzərlərində işləməklə, akademiyaya cəlb olunmaq imkanı qazanacaqlar. Bu akademiya bütün tələblərə cavab verir. Yeganə çatışmayan cəhət isə akademiyanın həyətində 105x68 m ölçülərinə uyğun stadionun olmamasıdır. İnşallah, bunu da həll etməyə çalışacağıq.

- Bəs akademiyaya rəhbərlik etmək kimə tapşırılacaq?
- Artıq gənc mütəxəssis Elnur Məmmədov bu istiqamətdə işlərə başlayıb. O, futbolun inkişafı baxımından məsuliyyət daşımayacaq. Məmmədovun əsas vəzifəsi təşkilati işlərə cavabdehlikdir.

- Akademiya məhdud sayda - 27 nəfər üçün nəzərdə tutulub. Futbol ictimaiyyətində narahatçılıq doğuran məqam seçimlə bağlıdır. Bəziləri iddia edirlər ki, bura seçim düzgün aparılmayacaq. Kimlərsə tapşırıqla akademiyaya daxil olacaq, yaxud seçim zamanı hansısa vəzifəli şəxsin övladına üstünlük veriləcək...
- İlk növbədə futbol akademiyası yeniyetmə futbolçulardan ibarət milli komandalar üçün yaradılıb və nümunə kimi tikilib. Bura klublarda və ya rayonlarda olan, eləcə də Uşaq-Gənclər İdman Məktəblərində fərqlənənlər cəlb ediləcək. Onları çox ədalətli yolla seçirlər. Bir misal çəkim. Fevralın 15-16-da Bakıda uşaqlar arasında seleksiya aparılırdı. Həmin vaxt maraqlı bir hadisə ilə qarşılaşdım. Futbolçulara üst geyimləri verilirdi. Hər kəs qutuya yaxınlaşıb, əlinə keçən geyimi götürüb gedirdi. Orada ad və soyad yazılmırdı. Geyimlərin üzərində ancaq nömrələr var idi. Bu o anlama gəlir ki, seleksioner ada, soyada fikir vermirdi. O, haradan bilsin ki, hansısa yeniyetmə vəzifəli şəxsin qohumudur, ya yox. Çünki seçim nömrələrlə aparılırdı. Həmin nömrələr isə təsadüfi seçilmişdi. Sizi inandırıram ki, uşaqlar futbol akademiyasına obyektiv seçimlərdən sonra dəvət alacaqlar. Buna 100 faiz zəmanət verirəm.

- Yəni, arxayın ola bilərik ki, kasıbların da uşaqlarının akademiyaya daxil olmaları mümkündür.
- Tamamilə arxayın ola bilərsiniz. Orada ən istedadlı uşaqlar oxuyacaqlar. Bəzi hallarda istisna deyil ki, Tovuzda, Gəncədə, Şəkidə və ya Lənkəranda hansısa istedadlı yeniyetmə akademiyaya daxil olmasın. Bu, obyektiv səbəblər ucbatından baş verə bilər. Ya həmin uşaq vaxtında seleksiyaya gəlməyib, ya da özünü nəzərə çarpdırmayıb. Keçən dəfə mənə bir tanışım zəng vurub deyir ki, “dostumun oğlu var, onu bir sınaqdan keçirsinlər də, amma bilirsən necə əla futbolçudur!?” Mən də ona cavabımda bildirdim ki, əla futbolçudursa, o, mütləq klub rəhbərliyinin, yaxud bizim seleksiya məşqçilərimizin diqqətini çəkəcək. Onu da vurğulayım ki, akademiyanın texniki müdiri anket hazırlayıb. Seleksionerlər anketləri doldururlar və uşaqlar ümumi nəticəyə əsasən seçilirlər.

- Uşaqlara neçə fənn üzrə dərs keçiriləcək?
- Aprelin sonlarında seçim başa çatdıqdan sonra heyətin yaş qruplarını müəyyənləşdirəcəyik. Məlum olacaq ki, akademiyaya məsələn 10 nəfər 13 yaşlı, 15 nəfər isə 14 yaşlı uşaq dəvət alıb. Bildiyiniz kimi, AFFA ilə Təhsil Nazirliyi arasında yüksək səviyyəli əməkdaşlıq var. Təhsil nazirinin müavini Elmar Qasımov AFFA İcraiyyə Komitəsinin üzvüdür. Bu əməkdaşlığın davamı olaraq, akademiyaya fənn müəllimləri çağırılacaq. Əsas 4-5 fənn üzrə dərs keçirilməsini istəyirik. Uşaqlar akademiyada bir neçə ay yaşayacaqlar. 15 yaşı tamam olan futbolçular akademiyadan azad olunacaqlar və klublara göndəriləcəklər ki, oynayıb təcrübə toplasınlar.

- Sirr deyilsə, akademiya neçəyə başa gəldi?
- Bütün xərcləri, o cümlədən vergiləri də nəzərə alsaq, 2 milyon manata başa gəldi. Bunun 60 faizi UEFA, 40 faizi AFFA tərəfindən ödənilib.

- Elxan müəllim, akademiyanın açılış mərasiminin əfsanəvi futbolçumuz Anatoli Banişevskinin doğum gününə təyin olunması təsadüf idi, yoxsa zərurət?
- Açığı, təsadüfi idi. Çünki bu məsələ FİFA və UEFA nümayəndələrinin sıx qrafiklərinə uyğun tənzimlənmişdi. Bu zaman AFFA rəhbərliyinin və İcraiyyə Komitəsinin üzvlərinin Bakıda olmaları da nəzərə alınıb. İndi deyə bilərik ki, bəli, bilə-bilə fevralın 23-nü seçmişdik. Amma belə deyil.

- Ancaq sözügedən tədbirdə Banişevski xatırlanmadı...
- Biz fevralın 23-də səhər Anatoli Banişevskinin məzarını ziyarət etdik, qəbrin üzərinə gül qoyduq.

- Gələcəkdə akademiyaya Banişevskinin adının verilməsi variantı varmı?
- Akademiya adlandırılarkən, AFFA brend kimi seçilib: AFFA futbol akademiyası. Ümidvarıq ki, daha böyük akademiyalar tikiləcək və Banişevskinin adı həmin yerlərə veriləcək.

- Uels Futbol Assosiasiyası rəsmilərinin Bakı səfəri bu gün yekunlaşdı. Paytaxtımıza gözlənilmədən Uels yığmasının baş məşqçisi Con Toşak da gəlmişdi. Şəxsən Toşakın özünün bura gəlməsində məqsəd nə idi?
- Uelslilərin səfəri dünya çempionatının seçmə mərhələsində iyunun 6-da milli komandamızla qarşılaşmanın təşkilati işlərinə hazırlıq xarakteri daşıyırdı. Onlar burada məşq keçəcəkləri stadion, məskunlaşacaqları otellə tanış oldular. Çox güman ki, Uels yığması “Hyatt Regency” və ya “Hyatt Park”da qalacaq. Bakıdakı məşqlər isə Zabrat qəsəbə stadionunda olacaq. O ki qaldı Con Toşakın da paytaxtımıza təşrif buyurmasına, əksər hallarda stadion, otel seçimini inzibatçılar aparırlar. Amma bu dəfə Toşak özü Bakıya gəlib. Bizdə də adətən bu məsələləri inzibatçı həll edir. Sentyabrda yığmamızın Almaniyaya qarşı keçirəcəyi oyun üçün stadion və otel seçimini isə Berti Foqts özü aparırdı.

- U-17-nin məşqçisi Mirbağır İsayevin vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayılıb. Bu, nə dərəcədə həqiqətəuyğundur?
- Mirbağır İsayev özü bizə müraciət edərək, üzrlü səbəbdən əməkdaşlığı davam etdirə bilməyəcəyini söylədi. Bu addımın səbəbini soruşsaq da, heç nə demədi. Öz növbəmizdə onu tutduğu vəzifədən azad etdik. Hazırda U-17-də məşqçi postu vakantdır.

- Lisenziyalaşdırma məsələsinə klublar laqeyd yanaşırdılar. İndi vəziyyət nə yerdədir?
- Klubları cərimələdikdən sonra onlar lisenziya işləri ilə daha ciddi məşğul olmağa başladılar. Bu amil bizi sevindirir. Yenə klublardan xahiş edirik ki, lisenziyalaşdırmaya ciddi yanaşsınlar. Çünki bu proseslər UEFA-nın nəzarəti altındadır. Bütün sənədləri qəbul edərkən, qitə futbol qurumuna məlumat veririk və qarşı tərəfdən müvafiq məlumatları alırıq. Futbolda inkişaf lisenziyalaşdırmadan asılıdır.

- Maraqlıdır ki, yığmamızın baş məşqçisi Berti Foqts axır zamanlar mətbuat nümayəndələrinə isti münasibət göstərir. Təsadüfən ona jurnalistlərə soyuq münasibətinə görə irad tutmamasınız ki?
- Ötən il mətbuatla Berti Foqts arasında bir neçə ay soyuqluq hiss olunurdu. Amma biz Foqtsa irad tutmamışıq. İstəyirik ki, onunla jurnalistlərin münasibəti sərbəst qurulsun. Məhz bu sərbəstliyin nəticəsidir ki, Foqtsla jurnalistlər ümumi dil tapıblar, onların arasında isti münasibət var. Futbolun təbliğatı, milli komandanın uğurları üçün mətbuatın dəstəyi mütləq lazımdır.

- Martın 28-də keçiriləcək Rusiya – Azərbaycan matçı üçün AFFA 5500 bilet sifariş verib. Əlavə sifariş olacaqmı?
- Rusiya Futbol İttifaqının baş katibi ilə mütəmadi əlaqə saxlayırıq, təşkilati işlərlə bağlı məlumat alırıq. Qarşı tərəf bizə 7000 bilet ayırmağa hazırdır. Hələlik 5500 bilet sifariş vermişik. Qalan biletlərin sifarişi isə Moskvada yaşayan soydaşlarımızdan asılıdır. Aydın məsələdir ki, Bakıdan Moskvaya 5000 azərbaycanlı gedən deyil. Buradan qarşıdakı oyuna təxminən 200 azarkeş yollanacaq. Ən böyük dəstəyi ölkəmizin Rusiyadakı səfirliyindən, diasporadan, Moskvada fəaliyyət göstərən təşkilatlarımızdan gözləyirik. Fürsətdən istifadə edərək bildirim ki, Moskvada yaşayan hər bir azərbaycanlı AFFA-da İlqar Əliyevə müraciət etməklə, bilet ala bilər. Biletlərin qiyməti standartdır - 5 dollar. İnanırıq ki, Moskvadakı dostlarımız, qardaşlarımız, azərbaycanlılarımız martın 28-də yığmamızı dəstəkləyəcəklər.

- Rusiya ilə oyunda hansı nəticə sizi qane edəcək?
- Avropa çempionatının bürünc mükafatçısı ilə görüş çox çətin olacaq. Səfərdə oynayacağımızdan, heç-heçə də bizi qane edir. Eyni zamanda, qələbə qazanmağı da arzulayırıq. Yığmamız son vaxtlar ən sabit oyununu nümayiş etdirir. Ötən il xüsusilə yoldaşlıq görüşlərində komandamız çox yaxşı təsir bağışladı. Bosniya ilə 0:1, Andorra ilə 2:1, İslandiya ilə 1:1, İranla 0:1, Bəhreynlə 2:1, Albaniya ilə 1:1, eləcə də bu il Özbəkistanla və Küveytlə 1:1 oynamışıq. Gördüyünüz kimi, 1 topdan artıq buraxmamışıq. Deməli, yığmamız komanda kimi artıq formalaşıb. Orta yaş həddi 23-24-dür. Biz gələcəyə 2012-ci, 2014-cü ilə komanda hazırlayırıq. Ümid edirəm ki, bu il nəticələr ötən ilkindən daha yaxşı olacaq. İstənilən halda, milli komandanın üzvlərinə ancaq və ancaq uğurlar arzulayıram.
0