Almaniyalı məşqçi Zaur Ramazanovla maraqlanır
26.02.2009 - 19:20
Almaniyalı məşqçi Zaur Ramazanovla maraqlanır
“Yığmamızın baş məşqçisi Berti Foqtsla maraqlı müzakirələr apardıq. Alman mütəxəssis komandamızda olan futbolçuların hazırlıq durumunu xəbər aldı”. Bunu apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Berti Foqtsla bu gün AFFA-nın inzibati binasında görüşən 37 yaşlı məşqçi bir sıra futbolçular haqda məlumat verib. Onların arasında son iki oyunda vurduğu qollarla “Qarabağ”a qələbə qazandıran 33 yaşlı hücumçu Zaur Ramazanov da olub: “Əslində, Foqts məndən təkcə Ramazanov yox, bir sıra futbolçuların hazırlıq səviyyəsi haqda soruşdu. Alman mütəxəssis Zaur daxil olmaqla, bir sıra oyunçularımızla maraqlanır. Mən də onların hər biri, onların üstün cəhətləri, görünməyən tərəfləri haqda informasiya verdim. Ramazanovla yanaşı, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Maksim Medvedev və bir sıra futbolçularla bağlı müzakirələr apardıq. O da bir sıra oyunçularımızın yığmaya layiq sayır. Sadəcə, indi elə vaxtdır ki, yığmamızı qarşıda Rusiya yığması ilə çətin səfər oyunu gözləyir. Foqts gələcəkdə “Qarabağ”dan bir neçə futbolçunu yığmaya çağırmaq fikrindədir. Bunlar birdən yox, növbə ilə təlim-məşq toplanışına çağırılacaq”.

Qeyd edək ki, Ramazanov sonuncu dəfə millimizdə Foqtsun dövründə - ötən ilin iyunun 4-də Andorra yığması ilə yoldaşlıq görüşündə (2:1) iştirak edib.
0