Bir gün futbol akademiyasında - FOTOSESSİYA
27.02.2009 - 14:37
Bir gün futbol akademiyasında -  FOTOSESSİYA
Azərbaycan futbolçularından müsahibə alan jurnalistlər uzun illərdir əziyyət çəkirlər. Çünki əksər futbolçularımızın nitq qabiliyyətləri yoxdur, iki sözü bir-birinin ardına qoşub danışa bilmirlər. Bu problemin kökü həmin oyunçuların uşaq yaşlarından məktəbi atıb, “idmanın şahı”na pənah aparmalarındadır. Nəticə isə göz qabağındadır: bir çoxları zəif oynamaqları bir yana, intellektual cəhətdən də “kasad” olur, fikirlərini sözlərlə ifadə edə bilmirlər...

Sözügedən problemin həlli istiqamətində bu günlərdə mühüm addım atılıb. Fevralın 23-də ölkəmizdə ilk futbol akademiyası - AFFA futbol akademiyasının rəsmi açılışı olub. “Futbol akademiyası” anlayışı leksikonumuza yeni daxil olub. Bəs görəsən, futbol akademiyası nədir və necə fəaliyyət göstərir? Bu akademiyanın tikilməsində əsas məqsəd nədən ibarətdir? Akademiya futbolumuza nə verə bilər?

Suallarımıza cavabları AFFA futbol akademiyasına səfərimiz zamanı axtardıq. Bu səfərimizdə ikimərtəbəli bina ilə yaxından tanış olmaq imkanı qazandıq. AFFA rəhbərliyinin icazəsi və akademiyanın meneceri Elnur Məmmədovun köməkliyi sayəsində otaqları bir-bir gəzdik, mövcud vəziyyətin canlı şahidi olduq. Bəri başdan deyim ki, gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Akademiyanın dizaynı, şərait, təmizlik, xidmət həqiqətən də heyranedicidir.

Akademiya savadlı futbolçu istehsalı ilə məşğuldur. Yəni, burada futbolun sirləri ilə yanaşı, elmi biliklər də öyrədilir. Akademiyaya daxil olan 13-14 yaşlı uşaqlar həm də təhsillərini davam etdirirlər. Onlara bir neçə fənn tədris olunur. Beləliklə, sözün əsl mənasında güclü və savadlı futbolçu yetişdirilmiş olur.

İndi də gəlin akademiya ilə tanış olaq. Tanışlığa ikinci mərtəbədən başlayırıq. Öncə ikinci mərtəbəni seçməyimiz heç də təsadüfi deyil. Axı, bu mərtəbə sırf uşaqların ixtiyarındadır. Burada 1, 2, 3 və 4 nəfərlik ümumilikdə 12 otaq var. Otaqlarda eyni vaxtda 27 uşağın yerləşdirilməsi mümkündür. Biz akademiyada olanda U-15-in üzvləri təlim-məşq toplanışında idilər. Onlarla elə istirahət etdikləri otaqlarda görüşdük. İkinci mərtəbədə, həmçinin mətbəx və xüsusi istirahət otağı da var. Uşaqlar burada səhər yeməyi yeyir, axşamlar isə istirahət edir, cürbəcür stolüstü oyunlar oynayır və söhbətləşirlər.

Akademiyanın əsas “sakinləri” fevralın ortalarında Bakıda keçirilən seleksiya günündə seçiliblər. Məşqçilər 200 nəfərdən 11-ni bəyənib. İndi onlar akademiyaya cəlb olunublar. Seleksiya günü üçün cədvəl birinci mərtəbənin dəhlizində asılıb. Akademiyanın meneceri Elnur Məmmədov deyir ki, seleksiya işi çox şaxəli prosesdir. Seleksiya zamanı uşaqlar 8 təmrin üzrə bacarıqlarını nümayiş etdirirlər: 1. hücum-müdafiə, 2. texniki, zərbə, 3. oyun, 4. koordinasiya, 5. başla oyun, 6. yerlə ötürmə, 7. driblinq, qapıya zərbə, 8. sürət testi. Akademiyada məskunlaşan həmin 11 nəfər məhz bu testləri uğurla həyata keçirənlərdir.

Yeri gəlmişkən, birinci mərtəbədə 1 nömrəli otaq U-17 və U-21-in baş məşqçisi, həmçinin akademiyanın texniki müdiri olan almaniyalı Bernard Lippertə məxsusdur. Bunun yanında iclas otağı, həkimlər otağı, kompüter otağı var. Uşaqlar üçün sürətli İnternetə qoşulmuş 6 kompüter işləyir.
Birinci mərtəbə ilə tanışlıq davam edir. 4 paltardəyişmə otağı, sauna, dünya standartlarına uyğun avadanlıqlarla təchiz olunmuş trenajor zalı, masaj otağı. Hovuz barədə isə xüsusi danışmaq lazımdır. 1,6 metr dərinlikdə olan hovuz dumduru suyu ilə göz oxşayır. Özü də hovuzda vacib bir texnika - “tozsoran” quraşdırılıb. Bu qurğu sudakı tozları, çirkləri sovurur, nəticədə hovuz həmişə təmiz qalır. Uşaqların hovuza girməmişdən öncə və hovuzdan çıxdıqdan sonra yuyunmaları üçün duşxanalar da mövcuddur.

Binadan çıxıb, arxa tərəfə gedirik və zirzəmiyə daxil oluruq. Burada milli komandaların - U-19, U-17 və U-15-in anbarları, camaşırxana və qazanxana var. Elnur Məmmədov məlumat verir ki, akademiya otel sisteminə uyğun işləyir. Yəni, hər gün otaqlar xidmətçilər tərəfindən yığışdırılır, dəsmallar və sabunlar dəyişdirilir. Futbolçular hər dəfə məşqdən qayıtdıqdan sonra formalarını camaşırxanaya təhvil verir, ertəsi gün isə yuyulub, ütülənmiş geyimlərini geri alırlar.

Binanın müxtəlif yerlərində 13 kamera quraşdırılıb. Həyətdə isə süni örtüklü meydança var. Elnur Məmmədov futbolçular üçün xüsusi qrafikin mövcud olduğunu söylədi. Burada uşaqların məşq, nahar, istirahət və yatmaq vaxtları göstərilib. Qaydaları pozanları isə ciddi cəza gözləyir. Belələrinin hətta akademiyadan xaric olunması da istisna deyil.

Bəli, burada futbol üçün hər şey var. Ye, iç, oxu və futbol oynamağı öyrən. Sonda akademiyanın meneceri bildirdi ki, əsas məqsəd binanı ziyarət etməyə gələn əcnəbiləri məəttəl qoymaqdır. Biz də Elnur Məmmədovun bu arzusuna qoşuluruq. Kaş, gələcəkdə akademiyanı bitirən futbolçular öz oyunları ilə də xariciləri mat-məəttəl qoysunlar!

Aqşin ƏLİYEV
0