“Bakı” - “İnter” görüşündə nə olacağını yalnız Allah bilir”
27.02.2009 - 17:26
“Bakı” - “İnter” görüşündə nə olacağını yalnız Allah bilir”
“Bakı” ilə oyunda nə olacağını, matçın necə nəticələnəcəyini yalnız Allah bilir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Son Azərbaycan çempionu olan paytaxt təmsilçisi cari mövsümdə də turnir cədvəlində liderdir. Premyer Liqanın növbəti turunda sabah ən yaxın izləyicisi “Bakı”nı qəbul edəcək “İnter”in 70 yaşlı çalışdırıcısı görüşlə bağlı ehtiyatlı danışır: “Oyundan əvvəl geniş danışmağı, nəticə ilə bağlı proqnoz verməyi xoşlamıram. Çünki dediklərimlə matçın gedişatı fərqli ola bilər. Futbolda nəticə bir çox şeylərdən asılıdır. Heç kim topun meydanda cızacağı rəsmi çəkə bilməz. Bilmək olmur, top qapı dirəyinə tuş gələcək, ya yox, futbolçular meydanda özlərini necə göstərəcək, baş məşqçilərin tapşırıqlarını nə dərəcədə yerinə yetirəcək, hakimlik necə olacaq. Əlbəttə, belə vacib oyunda obyektiv idarəçiliyi istəyirik. Nikbinliyimi saxlasam da, daha çox realistəm. Heyətdə itkilər var və zədəlilərin sağalması üzərində çalışırıq”.

Xodukin “Bakı” ilə oyunun maraqlı, gərgin mübarizə şəraitində keçəcəyini gözləyir. Onun fikrincə, bu, sıradan bir matç deyil: “Hər halda, turnir cədvəlində ilk iki yerdə gedən, hazırda Azərbaycanın ən iki güclü klubunun görüşü olacaq. Çempionluğa oynayan komandalar üçün vacib qarşılaşmadır. Qış fasiləsində bir sıra transferləri reallaşdıran güclü rəqiblər görüşəcək. Yəqin ki, “Bakı” bizə çətin anlar yaşatmaq istəyir. Elə biz də bu haqda fikirləşirik. Deyərdim ki, hər iki komandanın oyuna xüsusi hazırlaşmağa imkanı olmayıb. Çünki hər ikimizin srağagün kubokda oynamışıq. Daha çox futbolçuların bərpa prosesinə, nəzəri hazırlığa, təhlilə diqqət yetiririk”.
0