Qurbanov - Kvaratsxeliya - 0:1
28.02.2009 - 00:01
Qurbanov - Kvaratsxeliya - 0:1
Premyer Liqanın XVI turunun bu gün keçiriləcək oyununda “qol kralları” üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, müstəqil Azərbaycan futbolunun beynəlxalq arenadakı qol ümidləri Suraxanı qəsəbə stadionunda münasibətlərini ayırd edəcəklər. Bu, “Qarabağ” - “Standard” matçında gerçəkləşəcək.

Nazim Əliyev daxili yarışlarda, Georgi Adamiya “Birlik kuboku”nda, Nazim Süleymanov legioner karyerasında vurduğu qollarla “Qol kralı” adına iddia edibsə, komandalarımızın beynəlxalq arenadakı bombardirlərinin rəqib qapılarından keçirdiyi toplar daha dəyərlidir. Azərbaycan yığmasının tarixində ən çox qolu Qurban Qurbanov vurubsa, avrokuboklar səviyyəsində futbolumuza Badri Kvaratsxeliyanın zərbələri daha çox xeyir verib. Elə bu gün bu iki “Qol kralı”, lakin başqa ampluada görüşəcək. Qurbanovla Kvaratsxeliya həyatlarında ilk dəfə baş məşqçi kimi rəsmi matçda bir-birinə rəqib olacaq.
Hazırda “Qarabağ”ı çalışdıran Qurbanov “Standard”ın gürcüstanlı çalışdırıcısı ilə əvvəllər də qarşılaşıb. Lakin həmin oyunlar zamanı hər ikisi futbolçu kimi meydana çıxıb.

1997/98 mövsümündə Azərbaycan çempionatında debüt edən Badri “Kəpəz”də keçirdiyi ilk 3 matçda qol hesabını aça bilmirdi. Qurbanova gəlincə, ötən mövsümün son 2, yeni çempionatda isə ilk 4 görüşdə meydanı qolsuz tərk etmirdi. Gəncədə keçirilən “Kəpəz” – “Neftçi” qarşılaşmasında hər iki seriya qırıldı. Gürcüstanlı qolsuzluğa son qoyub ölkəmizdə ilk qolunu vurdu, Kvaratsxeliyanın “siftə”sinə canlı şahidlik edən Qurban isə ardıcıl 6 matçdan sonra meydanı topsuz tərk etdi. Gəncəlilərin 2:0 hesablı qələbəsindən bir neçə ay sonra milimizin bombardiri legioner həyatı yaşamaq üçün Rusiyaya üz tutdu. Badri isə çempionatın ən yaxşı bombardiri oldu.

Qurbanov-Kvaratsxeliya rəqabəti bir də 4 ildən sonra gündəmə gəldi. Yarımçıq dayandırıldığından nəticələri ləğv olunan 2001/02 mövsümündə keçirilən “Neftçi” – “Şəmkir” duellərində hücumçular yaşıl meydanda göz-gözə gəldi. Amma heç biri qol vurmaq bacarığını göstərə bilmədi. “Kəpəz”i “Şəmkir”ə dəyişən Kvaratsxeliyanın komandası qalib tərəf oldu - 1:0, 1:1. “Qol krallar”ının 4-cü, futbolçu kimi sonuncu duelində də onların heç biri fərqlənə bilməyib.

Qurbanov 2004/05 mövsümünün ilk dövrəsində komandasının qazandığı minimal hesablı qələbəyə sevinib. Bir sözlə, “Qarabağ” və “Standard”ın çalışdırıcılarının əvvəlki duellərində gürcüstanlı iki, rəqibi bir qələbə qazanıb və bir dəfə “sülh” qeydə alınıb. Hücumçular bu görüşlərdə iki nəfərə yalnız bir qol vurub ki, bu top da Badrinin Azərbaycan karyerasında ilki olub.
0