Qurban Qurbanov: Meydana qisas yox, qələbə üçün çıxacağıq
27.02.2009 - 18:20
Qurban Qurbanov: Meydana qisas yox, qələbə üçün çıxacağıq
“Standard”la matça adi oyun kimi çıxacağıq. Çünki birinci dövrədəki məğlubiyyət bizə əlavə motivasiya vermir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Premyer Liqanın XVI turunda “Standard” klubunu qəbul edəcək ağdamlıların çalışdırıcısı qələbəyə iddialı olduqlarını bildirib: “Meydana qisas üçün deyil, qələbə üçün çıxacağıq. Geridə qalan statistikadır. Ancaq bu günü və sabahı düşünməliyik. Rəqibi məğlub etsək, 3 xal qazanacağıq. Başqa heç nə”.

Klubun rəsmi internet saytına açıqlamasında Qurbanov ciddi itkilərlə üzləşdiklərindən də gileylənib: “Dörd əsas futbolçudan məhrum olaraq, oyuna itkilərlə çıxacağıq. Elnur Allahverdiyevlə Aslan Kərimov cəzalı, Sedat Şahin isə zədəlidir. Aftandil Hacıyevin isə durumu qənaətbəxş deyil. O, “Neftçi” ilə oyunda da ağrılarının olmasına baxmayaraq, özü sona qədər oynamaq istədiyini bildirdi. Amma bizim yetərincə geniş heyətimiz var. “Standard”ı udmaq üçün meydana çıxacağıq”.
0