Qyoko Hacıyevski: “İnter”lə görüşdə heç-heçə haqda heç fikirləşmirəm
27.02.2009 - 18:57
Qyoko Hacıyevski: “İnter”lə görüşdə heç-heçə haqda heç fikirləşmirəm
“Oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. Hətta liderlə sabahkı görüşdə heç-heçə haqda fikirləşmirəm də”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Azərbaycan Premyer Liqasının növbəti turunda “Şəfa” stadionunda “İnter”in qonağı olacaq bakılılar qələbə sayəsində liderliyə yüksəlmiş olacaq. Bu, həm də rəqibin Premyer Liqada 321 günlük məğlubiyyətsiz oyunlar seriyasına son qoyulması demək olacaq: “Bu seriyanı qırmaq istəyimiz böyükdür. Görüşə böyük motivasiya ilə çıxacağıq. Məqsədimiz yalnız və yalnız qələbə qazanmaqdır. “İnter”lə matçda heç-heçə bizi qane etməyəcək. İkinci dövrəyə uğurla başlayaraq, kuboku da nəzərə alsaq, ardıcıl üç oyundur qələbə qazanırıq və bu seriyamızı davam etdirməyə iddialıyıq. Liderlə qarşılaşma öncəsi düşərgəmizdə yüksək ab-hava hökm sürür. Psixoloji durum qələbə qazanmağımızda mühüm rol oynamalıdır”.


“İnter”lə üçüncü dəfə görüşəcək 54 yaşlı makedoniyalı mütəxəssis indiyədək rəqibini məğlub edə bilməyib. Hacıyevski bu dəfə qələbə qazanmağı real sayır: “Komandamız “İnter”i yenmək gücündədir. Düzdür, bu, bizə çətin olacaq. Rəqib son çempion, on aydır uduzmur. Onların həm ikinci dövrədə, həm də Antalyada keçirdiyi yoxlama oyunlarını izləmişəm. Hər halda, biz meydanda müdafiədə oturmayıb, hücum edib, qol vurmağa çalışacağıq. Fikrimcə, udsaq, çempionluq şansımız daha da artacaq. Bu zaman psixoloji durum artıq bizim tərəfdə olacaq və qızıl medallara bir qədər də yaxınlaşacağıq. Amma liderliyi qorumaq üçün bütün oyunlara, hətta autsayderlərə görüşə də ciddi yanaşmalıyıq”.

Qeyd edək ki, “Bakı” “İnter”dən 2 xal geri qalır.
0