Branimir Subaşiç “Srvena Zvezda”da qaldı
28.02.2009 - 00:16
Branimir Subaşiç “Srvena Zvezda”da qaldı
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç karyerasını transferə çıxarıldığı Serbiyanın “Srvena Zvezda” klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, müqavilə ilə hələ 2,5 il bu komandaya məxsus 27 yaşlı hücumçu Çin, Cənubi Koreya, Rusiya və Ukraynada klub axtarsa da, sonda vətənində qalmağa məcbur oldu.

Belə ki, onun OFK və ya “Çukariçki” klublarından birinə keçəcəyi gözlənilirdi. Lakin artıq sabah Serbiya çempionatında mövsümün ikinci hissəsi başlayır. “Srvena Zvezda” klubunun rəsmi internet saytı komandanın ikinci dövrə üçün iştirak ərizəsində Branimirin də adını göstərib.

Hər halda, futbolçu başqa kluba keçsəydi, adı iştirak ərizəsindən çıxarılmalı idi. Baş məşqçi Çedomir Yanevskinin güvənmədiyi futbolçumuzu ikinci komandaya göndərəcəyi də istisna olunmur. Lakin lazım gəldiyi halda, onu məcburiyyətdən meydana buraxa bilər.

Qeyd edək ki, “Srvena Zvezda” sabah ölkə çempionatının lideri “Partizan”la derbi matçda üz-üzə gələcək.
0