Anatoli Ponomaryov İsveçin üçüncü liqa klubunda
28.02.2009 - 00:25
Anatoli Ponomaryov İsveçin üçüncü liqa klubunda
“İsveçin birinci divizionunda çıxış edən “Qrondals” klubunun düşərgəsində yer almışam. Ancaq bu, müvəqqəti xarakter daşıyır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryov deyib.

Hələ də klubsuz qalan, hətta Çin çempionatında çıxış etmək variantı yaranan 27 yaşlı yarımmüdafiəçi qarşı tərəfdən müsbət cavab gözləyir. Ponomaryov bildirib ki, asiyalılar ona qarşıdakı günlərdə qəti söz deməlidirlər: “Martın əvvəlində məsələyə tam aydınlıq gələcək. Çinin yüksək liqasında çıxış edən “Qinqdao” klubundan aldığım təklif sərfəlidir. Ancaq bunun reallaşacağını indidən qəti söyləmək olmaz. Mənimlə maraqlanan çinlilər başqa futbolçuları baxışdan keçirib, bundan sonra seçimlərini edəcəklər. Çin variantı baş tutmasa, HAİS-ə qayıdacağam. İsveçin yüksək liqa təmsilçisi ilə hələ bir illik müqaviləm var. Burada bir aydan sonra yeni mövsüm başlanır və güclülər dəstəsində oynamaq yaxşı haldır. “Qrondals”da isə fiziki formamı qorumaq üçün məşq edirəm. Stokholmda yaşayıram, bu komandanı evimə yaxın olduğu üçün seçmişəm”.

Milli komandamızın son hazırlıq proseslərinə özünə klub axtardığı üçün qatıla bilməyən Anatoli Almaniya toplanışından da kənarda qalacaq: “Yığmamızın qarşıdakı təlim-məşq toplanışlarına çağırılacağım haqda mənə bir şey deyilməyib. Əlbəttə, yenidən milli komandada yer almaq istəyirəm. Ancaq bunun üçün özümə klub tapmalıyam. Bundan sonra yığmaya çağırılacağıma inanıram”.

Qeyd edək ki, “Qrondals” İsveçin birinci divizion təmsilçisi olsa da, gücünə görə ölkənin üçüncü liqa klubu sayılır.
0