“Bakı” 30 aydan sonra Premyer Liqanın lideri oldu
01.03.2009 - 20:17
“Bakı” 30 aydan sonra Premyer Liqanın lideri oldu
Azərbaycan Premyer Liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, “Bakı” 30 aylıq fasilədən sonra zirvəni ələ keçirib. Sonuncu dəfə 2006-cı ilin avqustunda lider olan bakılılar IV turda səfərdə “Xəzər-Lənkəran”a uduzduqdan (0:1) sonra mövqeyini əldən vermiş və uzun müddət zirvədən əlini üzmüşdü. Ölkəmizdə il yarımdır çalışan “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski ilk dəfə Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib. Birinci dəfə “İnter” üzərində qələbə qazanan makedoniyalı mütəxəssis rəqibi həm liderlikdən devirdi, həm də on aylıq məğlubiyyətsiz oyunlar seriyasına son qoydu. Qələbə topunun müəllifi olan Fernando Peres isə “İnter”in qəniminə çevrilib. Belə ki, argentinalı hücumçu “Bakı”nın sonuncu dəfə “Şəfa” stadionunda qazandığı qələbədə - iki il öncə keçirilən matçda da yeganə qolun müəllifi oldu.

“İnter”in bu məğlubiyyəti ilə cari mövsümdən uduzmayan komanda qalmadı. Kubokdakı rəqibinin büdrəməsindən “Simurq” maksimum yararlanaraq, onunla xalları bərabərləşdirdi. Ancaq zaqatalalıların ilk dövrədə evdə “İnter”ə uduzması onu turnir cədvəlində qabaqlamağa imkan vermədi.

“Qarabağ” ölkə kubokunu da nəzərə alsaq, 12 oyundan sonra meydanı məğlub tərk etməklə, “Xəzər-Lənkəran”ı turnir cədvəlində özündən irəli buraxdı. “Qarabağ”ı səfərdə yenən “Standard”ın gürcü çalışdırıcısı Badri Kvaratsxeliya nəinki yeni komandasında, ümumiyyətlə, baş məşqçi kimi ilk qələbəsini qazandı.

“Xəzər-Lənkəran” İqor Ponomaryovun rəhbərliyi altında Lənkəranda ilk qələbəsini darmadağınla əldə etdi. Autsayder “Bakılı”nın qapısına vurulan qollardan birinin müəllifi olan türkiyəli hücumçu Əhməd Dursun ölkəmizdə ilk qolunu vurdu.

“Karvan” cari mövsümdə kuboku da nəzərə alsaq, “Olimpik”ə hər dörd oyunda uduzdu. Özü də maraqlıdır ki, bütün oyunlar paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Ümumiyyətlə, “Karvan” artıq iki ildir “Olimpik”i yenə bilmir.

İndiyədək “Neftçi”yə daim uduzan “Qəbələ” nəhayət, rəqibindən xal ala bildi. Hesabat turunda liderliklə yanaşı, Premyer Liqada qalmaq uğrunda da vacib oyun oldu. “Muğan” Premyer Liqada ikinci qələbəsini də “Turan” üzərində qazandı. Bununla da baş məşqçi əvəzi olan Nadir Qasımov Salyan təmsilçisinin sükanı arxasında debütünü qələbə ilə qeyd etdi.

FUTBOL, AZƏRBAYCAN ÇEMPİONATI, XVI TUR

1 mart

14:00. MOİK - "Simurq" - 2:4

QOLLAR: İsmayıl Məmmədov, 41; Fuad Əliyev, 71 - Elşən Məmmədov, 16, 59; Artyux, 49; Vladimir Mazyar, 83
41-ci dəqiqədə Aleksandr Çertoqanov (“Simurq”)ikinci sarı alaraq, meydandan qovulub

14:00. "Xəzər-Lənkəran" - "Bakılı" - 5:0
QOL: Denis Silva, 27, Ramulo, 54; 90; İvan Svetkov, 68; Əhməd Dursun, 77

16:10. "Neftçi" - "Qəbələ" - 0:0

18:30. "Muğan" - "Turan" - 2:1
QOLLAR: Cavid Rəhimov, 28; Vladimir Saranu, 59 - Vüsal Hüseynov, 21


28 fevral

14:00. "Karvan" - "Olimpik" - 0:1
Qol: Leandro Qomeş, 21

14:00. "Qarabağ" - "Standard" - 0:1
73-cü dəqiqədə "Standard"ın üzvü Dan Pislanın yerinə yetirdiyi penaltini "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev dəf edib.
Qol: Fərid Quliyev, 90

15:00. "İnter" - "Bakı" - 0:1
Qol: Fernando Peres, 24

Turnir cədvəli

komandalar

O

Q

H

M

T

X

1

Bakı

16

12

2

2

37-6

38

2

İnter

16

11

4

1

31-9

37

3

Simurq

16

11

4

1

25-10

37

4

Xəzər-Lənkəran

16

10

3

3

30-12

33

5

Qarabağ

16

9

3

4

23-16

30

6

Olimpik

16

8

4

4

18-12

28

7

Karvan

16

8

2

6

20-14

26

8

Standard

16

7

2

7

14-17

23

9

Qəbələ

16

5

4

7

19-14

19

10

Neftçi

16

4

5

7

13-14

17

11

Bakılı

16

2

3

11

11-41

9

12

Muğan

16

2

2

12

11-31

8

13

MOİK

16

1

2

13

8-35

5

14

Turan

16

0

4

12

4-33

4



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 11, Amiran Muciri (“Bakı”) - 10
0