Milli komandamız yenə Dubaya gedir
28.02.2009 - 13:04
Milli komandamız yenə Dubaya gedir
Çimərlik futbolu üzrə Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışı keçəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, hazırlıq prosesi martın 10-dan 18-dək Dubay şəhərində baş tutacaq.

Milli komandamız toplanış zamanı yoldaşlıq oyunlarında qüvvəsini sınaması nəzərdə tutulub. Dubaya 11 futbolçu aparılacaq. Bunlar Elşad Quliyev, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Elnur Əhmədov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Emin Kürdov, Fərhad İsgəndərov, Ruslan Əliyev və Sahib Məmmədovdur. Səfərə baş məşqçi qismində 10 gün öncə bu posta təyin olunmuş Emil Cabbarov yollanacaq.

Qeyd edək ki, çimərlik futbolu yığmamız 2008-ci ilin aprelində də Dubayda hazırlıq prosesi keçib və BƏƏ ilə yoldaşlıq görüşlərində uduzub (2:3; 3:4). Bundan başqa, futbol üzrə milli komandamız da bu il yanvarın 27-dən fevralın 12-dək bu kurort şəhərində təlim-məşq toplanışında olub.
0