Valentin Xodukin: Biz uduzmadıq, sadəcə, rəqib üç xal qazandı
28.02.2009 - 18:14
Valentin Xodukin: Biz uduzmadıq, sadəcə, rəqib üç xal qazandı
“Bu günkü matçda komandamı qınaya bilmərəm. Bizi yalnız qane etməyən o oldu ki, yaratdığımız çoxlu qol imkanlarından istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter” klubunun baş məşqçisi Valentin Xodukinə məxsusdur.

XVI turun mərkəzi görüşündə “Bakı”ya uduzaraq (0:1), birinci pillədəki mövqeyini itirən son ölkə çempionunun ukraynalı çalışdırıcısı oyunlarının pis alınmadığını bildirib. Xodukin görüşdən sonra keçirilən mətbuat konfransında vurğulayıb ki, ruhdan düşməyib diqqətlərini növbəti oyunlara yönəldəcəklər: “Ümumilikdə, oyunumuz pis alınmadı. Faktiki olaraq, rəqib qapıçı komandasının xilaskarı oldu. O, bir neçə epizodda ustalığını nümayiş etdirib qol vurmağımıza imkan vermədi. Futbolda uduzmaq da olur. Ruhdan düşməyib diqqətimizi növbəti oyunlara yönəldəcəyik. Hesab etmirəm ki, bu, çempionluğun taleyini həll edən oyun idi. Çünki hər iki komandanın qarşıda 10 oyunu var təxminən eyni rəqiblərlə qarşılşacağıq. Rəqiblərə hörmətsizlik etmək istəməzdim. Həmkarımı isə qələbə üçün yox, üç xal qazanması münasibətilə təbrik edirəm. Çünki biz uduzmadıq”.
0