Metrodan yararlanan braziliyalı Azərbaycan futbolunda rekord vurdu
02.03.2009 - 12:44
Metrodan yararlanan braziliyalı Azərbaycan futbolunda rekord vurdu
Azərbaycan Premyer Liqasının XVI turu Bakının “Olimpik” klubunun futbolçusu Leandro Qomeş üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Yevlaxda “Karvan”la görüşdə komandasının qələbə qolunu vuran 33 yaşlı braziliyalı hücumçu Azərbaycan çempionatlarında 100-cü matçını keçirib.

Bu qarşılaşmalarda 34 dəfə rəqib qapısına yol tapan Qomeş yubileyinə iki komandada oynamaqla nail olub. O, “Bakı”da 86 oyuna 30, “Olimpik”də isə 14 matça 4 qol vurub.

Hazırda Premyer Liqada forma geyinən legionerlər arasında rekordçu olan braziliyalı çempionatlar tarixi ərzində 100 oyun keçirən üçüncü əcnəbidir. İndiyədək yalnız gürcüstanlı Badri Kvaratsxeliya və ukraynalı Viktor Kulikov Premyer Liqamızda bu qədər oyun keçirmişdi.

“Karvan”la qarşılaşmada Qomeşin komanda yoldaşı Draqan Mandiç də yubileyini qeyd edib. Belə ki, serbiyalı çempionatda 50-ci matçına çıxıb.

Yeri gəlmişkən, Azərbaycan yığmasının da şərəfini qoruyan Qomeşin əksər futbolçulardan fərqli, şəxsi avtomobili yoxdur və o, ictimai nəqliyyatdan – metro və marşrutdan yararlanır. Hazırda ölkəmizdə oynayan legionerlər arasında ən uzun müddətli çıxış edəndir.
0